DƏVƏÇİ SAKİNİ OĞLUNUN QANUNSUZ HƏBS OLUNDUĞUNU DEYİR

iyun 30th, 2009
Bu gün (30 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində vəkil Əli Ələkbərov Dəvəçi rayon sakini Vasiq Bayramovun Ədliyyə Nazirinin müavini Nazim Ələkbərovun təzyiqi ilə günahsız həbs olunması ilə bağlı mətbuat konfransı keçirildi.

Zərərçəkənlərin səlahiyyətli nümayəndəsi  Əli Ələkbərovun bildirdiyinə görə, 14 iyul 2008-ci il tarixində Bakı-Quba yolunun 86-cı kilometrliyində ədliyyə nazirinin müavini Nazim Ələkbərovun bacısı Nailə Ələkbərovanın idarə etdiyi “Honda CR-V” markalı, 10-UR-333 dövlət qeydiyyat nişanlı avtomobil  əks istiqamətdə  öz yolu ilə hərəkət edən  Vasiq Bayramovun idarə etdiyi “Vaz 2107” markalı avtomobilə çırpılaraq qəza törətmiş, nəticədə üç nəfərin həyatına son qoymuşdur:
“Bu qəza zamanı Qubanın Qəçrəş adlanan yerində istirahətə gedən nazir müavininin atası da həlak olub. Tərəflər öz aralarında razılaşma əldə etsələr də, nazir müavininin işə müdaxiləsindən sonra, V.Bayramov və N.Ələkbərovanı ötmək istədiyi  “Vaz 201” markalı  29-BA-294 dövlət qeydiyyat nişanlı avtomobilin  sürücüsü N.Əbdürrəhmanov sonradan təqsirləndirilərək həbs olunublar. Ağır Cinayətlərə Dair Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində V.Bayramov 8, N.Əbdürrəhmanov 9 il müddətinə həbs olunublar.”
Vəkil həmçinin onu da bildirib ki, dəfələrlə müxtəlif dövlət instansiyalarına, prezidentə, ölkənin birinci xanımı M.Əliyevaya işə ədalətli baxılmasına görə müraciət olunmasına baxmayaraq nəticə əldə olunmayıb.
Vəkil Ə.Ələkbərov onu da vurğuladı ki, zərərçəkənlər hətta Nailə Ələkbərovanın evinə qədər getmiş, lakin qadın kobud şəkildə onları dinləməkdən imtina etmişdir.
Qeyd edək ki, V.Bayramov hal–hazırda Şüvəlan təcridxanasında saxlanılır.