EYNULLA FƏTULLAYEVİN CİNAYƏT İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLIB

Bu gün (9 iyun) Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və  “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə  çıxış edən Eynulla Fətullayev aclıq aksiyanı dayandırması  ilə bağlı açıqlama verdi. O bildirdi ki, aclıq aksiyasına başladığı günün səhəri Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqov və Ədliyyə Nazirliyinin yüksək rütbəli nümayəndəsi onunla görüşərək prezident İlham Əliyevin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından xəbərdar olduğunu çatdırıblar və bundan sonra o aclıq aksiyasını dayandırıb: “Qərarın icra olunmamasının səbəbini soruşduqda isə mənə bildirdilər ki, hələ bunun icrası üçün bir ay müddət var”. Prezidentlə görüşmək üçün müraciət edən həmkarlarına təşəkkür edən Fətullayev həmçinin onlara bununla bağlı aksiya keçirməyi də təklif etdi.

Daha sonra ötən proseslərdə 12 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçirilməsi, saç və dırnaq nümunələrinin ekspertizasının keçirilməsi, anonim şahidlərin dindirilməsi və E.Fətullayevin azadlığa buraxılması ilə bağlı qaldırılmış vəsatətlərə münasibət bildirmək üçün dövlət ittihamçısı Elçin Nağıyevə söz verilib. E. Nağıyev  qaldırılan vəsatətləri əsassız hesab edərək, onların təmin edilməməsini xahiş edib.

Hakim yalnız 12 saylı Cəzaçəkmə müəssisəsinə baxış keçirilməsi ilə əlaqədar qaldırılmış vəsatətin təmin edilməsi ilə bağlı qərar qəbul edib.

Prosesdə həmçinin E. Fətullayevin ayaqqabılarından və gödəkcəsindən narkotik vasitələrin qalıqlarının aşkar edilməsi ilə bağlı rəy vermiş ekspert Ofeliya Zərbəliyeva dindirilib. E. Fətullayevin onun gödəkcəsindən və ayaqqabısından aşkar olunan heroinin tərkibində digər maddənin olması ilə bağlı sualına cavab olaraq, O.Zərbəliyeva bildirdi ki, orda hər hansı digər maddə aşkar edilməyib.

E. Fətullayev isə əvvəlki ekspertlərlə O. Zərbəliyevanın verdiyi ifadələr arasında ziddiyyətlər olduğunu bildirdi. O qeyd etdi ki, götürülən analizlərlə bağlı əvvəlki ekspert rəylərində və onların çıxışlarında da heroinlə yanaşı anfitamin və psixotrop maddələrin olduğu qeyd edilmişdi.

E.Fətullayev həmçinin növbəti məhkəmə iclasında “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun işi ilə bağlı apardığı jurnalist araşdırmalarının nəticələri ilə bağlı çıxış etmək üçün 2 saat vaxt verilməsini xahiş etdi.

Növbəti proses 16 iyun saat 11:00-da 12 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçirilməsi ilə davam etdiriləcək.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

 
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.

 
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.
Previous Post

KÜR DELTANIN LİLLƏNMƏSİNƏ GÖRƏ DAŞIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.