KİV DF SƏDRİNİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI QİSMƏN TƏMİN OLUNDU

oktyabr 12th, 2010
Bu gün (12 oktyabr) Nərimanov rayon Məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı mülki iddiası üzrə keçirilən məhkəmə prosesi iddianın qismən  təmin edilməsi ilə yekunlaşdı.

Belə ki, hakim A. İsmayılov iddiaya səbəb olan yazıya görə qəzetin təkzib verərək üzr istəməsini və iddiaçıya  500 manat təzminat ödəməsi barədə qərar verdi.
Prosesdən sonra “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  hakimin bu qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.
 Xatırladaq ki, Vüqar Səfərli Əvəz Zeynallının müəllifi olduğu və “Xural” qəzetinin 25-31 iyul tarixli sayında dərc olunmuş “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazıda barəsində “mətbu qəssab” ifadəsinin işlədilməsini şərəf və ləyaqətinin təhqir olunması hesab edərək, təkzib verilərək üzr istənilməsi və qəzetin 10.000 manat təzminat ödəməsi barədə iddia qaldırıb.