EMİN HÜSEYNOVUN POLİSƏ QARŞI İDDİASI GERİ QAYTARILIB

avqust 4th, 2008
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə əlaqədar Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi və bu idarənin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddia məhkəmə tərəfindən geri qaytarılıb.

Nəsimi rayon Məhkəməsinin hakimi İkram Şirinov  25 iyul 2008-ci il tarixində iddia ərizəsinin iddiaçıya qaytarılması barədə qərardad çıxardıb.
    Qərardadda qeyd edilir ki, “iddiaya xüsusi deyil, ümumi qaydada baxılmalıdır, cavabdehlərin hər birindən 50 000 AZN olmaqla, ümumilikdə 150000 AZN təzminat tələb olunur, iddia ərizəsindəki bu xüsusat xüsusi qaydada deyil, ümumi icraatda araşdırılmalıdır”.
    Emin Hüseynovun nümayəndələri, (Elçin Sadıqov və Xalid Ağaliyev) bu qərardadı qeyri-qanuni hesab edərək, qərardaddan bu gün (4 avqust)  Nəsimi rayon Məhkəməsinə şikayət veriblər.
“İİddia məhz  xüsusi qaydada məhkəməyə təqdim olunub ki, polis zorakılığı, sərbəst toplaşmaq azadlığının pozulması halları da məhkəmə tərəfindən araşdırılsın və bu pozuntulara yol verən şəxslər təzminat ödəsin. Biz ümumi qaydada məhkəməyə müraciət etsək, elə çıxacaq ki, biz həmin pozuntu hallarına etiraz etmirik, sadəcə olaraq təzminat istəyirik”, – deyə X. Ağaliyev vurğulayıb.