“Rabitə işi”ndə gərginlik yaşandı

• M.Məmmədov: “Vidadi Zeynalov, mənimlə problemin var?”
• Nazirliyin sabiq aparat rəhbərinin vəkillərinin vəsatəti qalmaqala səbəb oldu

Martın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Vəkillərdən birinin iştirak etməməsi səbəbilə proses təyin edilmiş vaxtdan 1 saat sonra başlayıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib.
Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatətlə çıxış edərək bildirib ki, digər sənədlərin tədqiqindən daha vacib iki məqam var ki, araşdırılması zəruridir. Onun sözlərinə görə, iki epizod üzrə araşdırma getsə də, ittiham aktında bu epizodlardan biri yer alıb. İttiham aktında Aztelekom MMC-in epizodu üzrə 2009-cu ildən 2015-ci ilədək Oqtay Rüstəmov və Məhəmməd Məmmədovun MMC-yə köçürülmüş 128 milyon 944 min manat pul vəsaitini cəmiyyətin ayrı-ayrı banklarında hesaba köçürülməsinə və sonradan nağdlaşdırılmasına nail olduqları deyilir. Orada ümumilikdə 29 milyon 700 manat pulu Vidadi Zeynalova verməklə 243 mini Oqtay Rüstəmov  və 3 milyon 807 mini isə Məhəmməd Məmmədov mənimsəyib.

Yenə ittiham aktında  göstərilir ki, Məhəmməd Məmmədov və Oqtay Rüstəmov həmin dövr üzrə ƏDV ilə birlikdə 95 milyon 425 min manat vəsaiti saxta hesabatlar tərtib etməklə başqa-başqa telekommunikasiya qovşaqlarına köçürdərək pulları sənədləşdiriblər. ƏDV ilə birlikdə 54 milyon vəsaitdən 42 milyonu nağdalaşdıraraq 37 milyon manatı Vidadi Zeynalova verilib, 4 milyon 200 manatı  Məhəmməd Məmmədova çatıb, 234 min isə Oqtay Rüstəmov özünə götürüb.
Həmçinin başqa bir ifadəsində Məhəmməd Məmmədov göstərir ki,  “Azintelekom” MMC-dən 2009-2015-ci illərdə daxil olan 128 milyon manat xidmət haqqı məbləği  “Aztelekom” tərəfindən köçürülüb. Həmin vəsait nazirliyin göstərişi ilə Telefon Qovşaqlarına, “Azərpoçt”a, “Qafqaz s” və s. MMC-ə köçürülüb və həmin vəsaitlər nazirliyin kassasından verilib”.
Vəkil əlavə edib ki, burada zidiyyət yaranır: “Aztelekom” MMC hər ay daxili imkanları hesabına mal-material alınmasına, işlərin görülməsinə orta hesabla 1.5 milyon manat vəsait sərf edir və bu vəsait ƏDV ilə birlikdə 95.4 milyon manat təşkil edir. Guya buradan nazirliyin xəzinəsinə 37.9 milyon manat verilir.  O.Rüstəmov 243 min, Məhəmməd Məhəmmədov isə 3.8 milyon manat pulu özlərinə götürürlər. Sonra isə nazirliyin göstərişinə əsasən, “Azintelekom”dan daxil olan 128 milyon manat “Aztelekom” tərəfindən telefon qovşaqlarına, MMC-lərə köçürülür. Buradan da nazirliyin xəzinəsinə 29.7 milyon manat vəsait verilir və M.Məmmədov özünə 3.8 milyon manat, O.Rüstəmov isə 243 min manat pul götürürlər. Bunları deməkdə məqsədim odur ki, obyektiv və ədalətli araşdırma aparılsın. Dövlətə ziyan vurulubsa, tam dəqiqləşdirilməli və dəymiş ziyan tam ödənilməlidir”.
Vəkil vurğulayıb ki, istintaq orqanı dəymiş ziyanla bağlı iki epizodu bilərəkdən qarışdırmaqla məqsədli şəkildə epizodda məbləği artırmış, digər epizodlarda ümumiyyətlə məbləğ göstəməmişdir. “37.9 milyon manat haradadaır? Bu pulun nazirliyin xəzinəsinə heç bir aidiyyatı yoxdur. Bu məsələ ibtidai istintaqda da lazımi səviyyədə araşdırılmayıb”.

Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev etirazını bildirib. O Vidadi Zeynalovun ifadələrinni elan edilməsini istəyib. Vidadi Zeynalovun digər vəkili Ceyhun şahid Fətulla Baxşəliyevin ifadəsinin elan edilməsini istəyib. Bildirib ki, Məhəmməd Məmmədov 4,6 milyon manat mənimsəmədə ittiham edilir.
Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev yenə də etiraz edib: “Məmməd Məhəmmədova pul verilib-verilməməsini sübut etmək Vidadi Zeynalova nə verəcək? Onunla bağlı nə dəyiçəcək ki?” – deyən vəkil bildirib ki, Məhəmməd Məmmədova pul verilmədiyini hamı bilir. Mübahisə davam edib və vəkil Elxan Süleymanov Şahin Rəfiyevə cavabında bildirib ki, istintaq eyni halı Vidadi Zeynalova tətbiq etməyib və qərəzli olub.
Bu zaman təqsirləndirilən Məhəmməd Məmmədov Vidadi Zeynalova etiraz edib: O, “Vidadi Zeynalov məndən nə istəyirsən, mənimlə problemin var?”
Vidadi Zeynalov isə onunla heç bir işi olmadığını deyib.
Hakim qeyd edib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələləri araşdırmağa bir gün ayrılacaq.
Bu zaman vəkillər arasında ciddi mübahisə yaranıb. Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev bildirib ki, Məhəmməd Məmmədov heç kimə pul verməyib. O, Vidadi Zeynalovun vəkillərini müvəkkilinin əleyhinə vəsatət verməkdə günahlandırıb.
Vidadi Zeynalov isə bildirib ki, onun və vəkillərinin məqsədi Məhəmməd Məmmədovun əleyhinə danışmaq yox, istintaqın düzgün aparılmamasını sübut etməkdir: “Hamı bilir ki, Məhəmməd Məmmədov nə pul alıb, nə də pul verib. Ancaq qorxusundan dövlətə vurulan ziyanı ödəyib”.

Daha sonra sənədlərin elan edilməsi davam etdirilib.
Təqsirləndirilən Namazəli Məmmədovun vəkili Könül Əliyeva isə mühasibat ekspertizasının təkrar keçirilməsi haqqında vəsatət qaldırıb. O bildirib ki, ekspertiza rəyində ciddi səhvlər var. Onun dogər vəsatəti “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-də aparılan axtarış-götürmə protokolunun sübutlar siyahısından çıxarılması barədə olub. O qeyd edib ki, protokol axtarış-götürmə tədbirlərindən 25 gün sonra tərtib olunub ki, bu da prosessual pozuntudur. Bu səbəbdən də sübut kimi qəbul edilə bilməz. Məhkəmə vəsatətləri hazırkı mərhələdə baxılmamış saxlayıb.
Könül Əliyeva Vidadi Zeynalovla Namazəli Məmmədovun istintaqdakı üzləşmə protoklunun elan edilməsini istəyib. Hakim üzləşməni elan edərkən, Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov etiraz edib və bildirib ki, Vidadi Zeynalov məhkəmədə ifadə vermədiyinə görə, bu sənəd elan edilə bilməz. Hakim etirazı
qəbul edib və sənəd edlan edilməyib.

Proses martın 3-də davam etdiriləcək.

Previous Post

Ali məhkəmə AXCP fəalının həbs müddətini azaltdı

Next Post

Blogger Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edildi

Start typing to see posts you are looking for.