Ali məhkəmə AXCP fəalının həbs müddətini azaltdı

Martın 1-də Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə AXCP fəalı, Qarabağ müharibəsi əlili Asif Yusiflinin kassasiya şikayətinə baxılıb.
Ali Məhkəmə siyasi fəalın cəzasını 6 ildən 5 ilə endirib.
Bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Şikayətin qismən təmin edildiyini deyən vəkil qərarın ədalətsiz olduğunu da bildirib.

Xatırladaq ki, Asif Yusifli Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyasının 30 iyul 2015-ci il tarixli hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi hökmdən verilmiş şikayətə baxaraq qərarı qüvvədə saxlayıb. Ali Məhkəmədə cəza 6 ilə endirilib.
2016-cı il avqustun 19-da 6 saylı Cəzaçəkmə müəssisəsində Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə A. Yusiflinin cəzasının dəyişdirilməsi ilə bağlı şikayətə baxılıb. Həbs müddəti saxlanılmaqla AXCP fəalının ittiham olunduğu 178.3.2 –ci (külli miqdara ziyan vurmaqla törədildikdə) maddə 178.2-yə (dələduzluq, yəni etibardan sui-istifadə etməklə törədildikdə) dəyişdirilib. Kassasiya şikayəti bu qərardan verilmişdi.
Qeyd edək ki, Qarabağ qazisi Asif Yusifli vətəndaş Fəridə Zülfüqarovanın şikayəti əsasında 2014-cü ilin noyabrında həbs olunub. A. Yusifli vətəndaşın 7700 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. Asif Yusifli özünü elan olunmuş ittiham üzrə təqsirli bilmir, əməlində cinayət tərkibi olmadığını iddia edir.

Previous Post

Rasim Əliyevin ölümü ilə bağlı həbs edilənlərin məhkəməsi olub

Next Post

“Rabitə işi”ndə gərginlik yaşandı

Start typing to see posts you are looking for.