Bu gün Daxili İşlər Nazirliyi Daxili Tədqiqatlar İdarəsinin əməkdaşı Əzimov Fərhad Mərkəzləşdirilmiş Təcili Yardım Xəstəxanasında müalicə olunan RATİ-nin sədri Emin Hüseynovdan onun döyülməsi ilə əlaqədar şifahi izahat alıb.
Əzimov Ombudsmanın müraciətindən sonra bu məsələnin Daxili İşlər naziri Ramil Usubov tərəfindən nəzarətə götürüldüyünü və izahatın nazirin xüsusi tapşırığı ilə alındığını bildirib. İzahat yazılı şəkildə verilməli olsa da, Emin Hüseynov gün ərzində bir sıra müalicə prosedurlarından keçdiyini, buna görə də yorğun olduğunu və izahatı şəxsən yaza bilməyəcəyini qeyd edib. Bununla belə Hüseynov izahatı diqtə etməyə və yazılmış izahata imza atmağa hazır olduğunu da vurğulayıb. Əzimov isə izahatın Hüseynovun öz xətti ilə yazılmasını məqsədəuyğun hesab edib və qarşılıqlı razılaşmadan sonra izahatın yazılı şəkildə sabah (21 iyun) verilməsi qərara alınıb.