EYNULLA FƏTULLAYEVİN DƏRHAL AZADLIĞA BURAXILMASI İLƏ BAĞLI QƏRAR QÜVVƏDƏ SAXLANILDI

“Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin dərhal azadlığa buraxılması barədə Avropa Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu barədə Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ) Fətullayevin vəkili Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, Böyük Palataya verilən şikayətin rədd edilməsi barədə qərar 04 oktyabr 2010-cu ildə verilib və bu qərar Avropa İnsan Haqları Məhkəməsinin saytında yerləşdirilib.
   Məhkəmənin saytında yerləşdirilən qərarda bildirilir ki, qərar İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 44-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq qəti qərardır. Konvensiyanın “Qəti qərarlar” adlanan bu maddəsinin C paraqrafında isə deyilir ki, Böyük Palata ona verilən şikayəti rədd etdikdə bu qərar qəti sayılır.    
  Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
  Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
  Onu da qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.  

Previous Post

PARLAMENT SEÇKİLƏRİ DÖVRÜNDƏ TELEKANALLARIN VƏ RADİOLARIN MONİTORİNQİ ÜZRƏ HESABATLAR AÇIQLANIB

Next Post

DÖVLƏT MÜSTƏQİLLİYİ HAQQINDA KONSTİTUSİYA AKTININ MÜLLİFLƏRİNDƏN BİRİ, HÜQUQŞÜNAS FUAD AĞAYEV İLƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.