KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN İCRAÇI DİREKTORU “XURAL” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Xural” qəzetini məhkəməyə verib.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirdiyinə görə, bu barədə Nərimanov rayon məhkəməsindən bu gün (27 iyul) qəzetin redaksiyasına bildiriş daxil olub. “Vüqar Səfərli mənim müəllifi olduğum və “Xural” qəzetinin 25-31 iyul tarixli son sayında dərc olunmuş “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazıda barəsində “mətbu qəssab” ifadəsinin işlədilməsini şərəf və ləyaqətinin təhqir olunması hesab edərək, təkzib verilərək üzr istənilməsi və qəzetin 10.000 manat təzminat ödəməsi barədə iddia qaldırıb” – deyən Əvəz Zeynallı əlavə etdi ki, hələlik iddia ərizəsinin hansı hakimin icraatına verilməsi məlum deyil.

 

Qeyd edək ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

 

Xatırladaq ki, Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin 3 aprel tarixli sərəncamı ilə yaradılmışdır. Dövlət başçısının 2009-cu ilin may ayında imzaladığı sərəncamla Vüqar Səfərli Fonda icraçı direktor təyin edilmişdir.

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİ HAKİMƏ ETİRAZ EDİB

Next Post

EYNULLA FƏTULLAYEVLƏ BAĞLI YENİ HÖKMDƏN APELLYASİYA ŞİKAYƏTİ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.