EYNULLA FƏTULLAYEV ACLIQ AKSİYASINA BAŞLADI

Bu gün (2 iyun) Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və  “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevlə bağlı çıxardığı qərarın Azərbaycan dilinə tərcümə olunmuş variantının cinayət işinə əlavə edildiyini bildirdi.
E.Fətullayevin vəkili İsaxan Aşurov 12 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçirilməsi, Eynulla Fətullayevin narkotik saxlaması barədə müəssisə rəhbərliyini məlumatlandıran anonim şəxslərin şahid qismində dindirilməsi, həmçinin paritet əsaslarla təşkil olunmuş həkimlər tərəfindən Eynulla Fətullayevin dırnaq və saç nümunələrinin götürülərək ekspertizadan keçirilməsi ilə bağlı vəsatətlər verdi.
E.Fətullayev Ali Məhkəmənin sədri Fərhad Abdullayev və Avropa Şurasındakı nümayəndə heyətinin sədri Səməd Seyidovun Avropa Məhkəməsinin böyük palatasına Azərbaycan dövlətinin müraciət etməsi bağlı xalqa yalan məlumat verdiyini bildirdi. O, jurnalist həmkarlarına müraciət edərək, onların prezident İlham Əliyev və ya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşmələrini təklif etdi. Jurnalistlərdən görüş zamanı İlham Əliyevin Avropa Məhkəməsinin qərarından məlumatlı olub-olmadığını öyrənməyi xahiş edən Fətullayev, həmçinin bu gündən aclıq aksiyasına başladığını və prezidentin qərardan xəbərdar olub-olmaması ilə bağlı məlumat almayınca aksiyanı davam etdirəcəyini dedi. “Prezident bütün məsələlərdə beynəlxalq hüquqa istinad edir, əgər o mənimlə bağlı Avropa Məhkəməsinin də qərarından məlumatlı olsaydı, o zaman bu qərarın icrası məsələsinə ciddi yanaşılardı” – deyə Fətullayev bildirib.
Dövlət ittihamçısı Elçin Quliyev anonim şahidlərin dindirilməsi ilə bağlı vəsatətə münasibət bildirərək qeyd etdi ki, bu barədə Avropa Məhkəməsinin presedent qərarı var və bu qərarla tanış olmaq üçün vaxt istədi.
Hakim növbəti prosesi 9 iyun saat 11:00-a təyin etdi.  
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

TƏHSİL ÜZRƏ EKSPERTƏ QARŞI İDDİA QİSMƏN TƏMİN EDİLDİ

Next Post

TƏHSİL ÜZRƏ EKSPERTƏ QARŞI İDDİA QİSMƏN TƏMİN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.