“Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə daha bir şikayət göndərib. Bu barədə bu gün (26 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) Media Hüququ İnstitutundan daxil olan məlumatda qeyd edilib. Jurnalistin müdafiəçiləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Avropa Məhkəməsinin Eynulla Fətullayev işi üzrə çıxardığı 22 aprel 2010-cu il tarixli qərarının icrası ilə bağlı qəbul etdiyi iki qərarı qanunsuz hesab edirlər.
Xatırladaq ki, Yasamal Məhkəməsi 26 sentyabr 2006-cı il tarixdə Daxili İşlər Naziri Ramil Usubovun xüsusi ittiham şikayəti əsasında E.Fətullayevi böhtan və təhqirdə təqsirli sayaraq onu 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Məhkəmə ərizəçini həbsə almayaraq ona 2 illik sınaq müddəti müəyyən edib. 20 aprel 2007-ci il tarixdə isə Yasamal Məhkəməsi jurnalisti böhtanda təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bunun ardınca Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 30 oktyabr 2007-ci ildə E.Fətullayevi Cinayət Məcəlləsinin 214.1 (terror hədəsi) və 283.2.2-ci (etnik düşmənçiliyin salınması) və 213.2-ci maddəsi (vergidən yayınma) cinayətində təqsirli bilib. Jurnalist Cinayət Məcəlləsinin 214.1-ci (terror hədəsi) maddəsi ilə 8 il, 283.2.2-ci (etnik düşmənçiliyin salınması) maddəsi ilə 3 il, 213.2-ci (vergidən yayınma) maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə yekunda cəzaları qismən toplamaq yolu ilə ərizəçiyə son olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Ərizəçinin Konvensiyanın 10-cu və 6-cı maddələri ilə verilən hüquqlarının pozulduğunu tanıyıb.
Habelə Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində Eynulla Fətullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.