EYNULLA FƏTULLAYEV AZADLIĞA BURAXILMALIDIR

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə çıxardığı qərara münasibət bildirən Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı Azərbaycan qanunvericiliyində Avropa Məhkəməsi qərarının dərhal icrasının nəzərdə tutulmadığını bildirib.

O qeyd edib ki, bununçün yerli məhkəmənin qərarı olmalıdır.
R. Hacılı onu da vurğulayıb ki, E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işinin çıxarılmış qərara aidiyyatı olmasa da, qondarma iş olduğundan qərarın icrası zamanı bu nəzərə alınmamalı və o, azadlığa buraxılmalıdır.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərar verib. Dünən açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

ZİRZƏMİ BİZNESMENLƏRİ ÖZ HƏMKARLAR İTTİFAQINI YARADACAQ

Next Post

“AZADLIQ” QƏZETİNDƏN ÜZR İSTƏMƏK VƏ TƏKZİB VERMƏK TƏLƏB OLUNUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.