EYNULLA FƏTULLAYEV İLHAM ƏLİYEVƏ AÇIQ MƏKTUB YAZIB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq məktub yazıb. Məktub 2 hissədə 6 avqust və 7 avqust tarixlərində “Azadlıq” qəzetində dərc olunub.

Eynulla Fətullayev məktubunda bildirir ki, Prezident İlham Əliyev 22 iyul Milli Mətbuat Günündə etdiyi çıxışda “Bağışlanmazdır!” kəlməsini işlətməklə ikinci dəfə onun həbsinə bəraət qazandırmağa çalışıb. ”İkinci uğursuz cəhd. İlk  dəfə – həbsimin birinci ilində daha az kateqorik və lakonik fikirlər səsləndirsəniz də fəqət rezümə hamı üçün bəlli idi: “Belə jurnalistlərə nəinki jurnalistikada, heç cəmiyyətdə də yer yoxdur. 8 fevral 2008-ci ildə bəyan edilən bu aqressiv çağırışın səbəbkarı da mən idim. Ancaq bu dəfəki çağırış heyətamizdir: “Bağışanmazdır!”” – deyə Fətullayev İlham Əliyevə müraciətlə vurğulayıb.
    Fətullayev qeyd edir ki, Avropa Məhkəməsinin qərarından sonra tez bir zamanda azad olunacağına ümid bəsləsə də, “Bağışlanmazdır!” cavabından sonra yanıldığını anlayıb.
    “Onu da xatırladım ki, Strasburq məhkəməsinin barəmdə çıxartdığı bəraət qərarından sonra mənim bağışlanmağa ehtiyacım yoxdur. O qərarsız belə, mən bağışlanmaq istəmirəm, çünki millətimin və dövlətimin qarşısında heç bir suçum yoxdur. Avropa Məhkəməsinin (başında durduğunuz Azərbaycan da hələlik bu məhkəmənin yurisdiksiyası altındadır) qərarının 175-ci bəndində deyilir: “hər iki ittiham üzrə Eynulla Fətullayevin azadlıqdan məhrum edilməsi üçün əsas olmamışdır”. Aydın deyilmi?” – deyən Fətullayev son ittiham üzrə də Avropa Məhkəməsinin eyni qərar verəcəyinə ümid etdiyini bildirib.
    “22 iyulda – azad mətbuat günündə Siz bütün dünyaya car çəkdiniz: “Jurnalist Dağlıq Qarabağda müsahibə götürə bilməz!”. Izninizlə soruşum – bu haqda hansı qanunda yazılıb? Bu harada müəyyən olunub? Bunu hansı qanunvericilik müəyyən edib? Axı dövlətimizin üzv olduğu Konvensiyalar, nəhayət, beynəlxalq hüquq informasiyaların məhdudiyyətsiz yayımını şərtləndirir, müəyyən edir! Sizin bu əmriniz azadlığa, jurnalistlərin azadlığına və müstəqil mətbuata əsl münasibətin bariz nümunəsidir. Siz jurnalistə əmr edə bilməzsiniz. Oxucuya nəyin maraqlı olub-olmadığını Siz yox, mən müəyyənləşdirirəm. Bu, mənim hüququmdur. Bu, mənim haqqımdır. Və heç bir şah, kral, totalitarizm, inzibati-amirlik sistemi bu haqqı mənim əlimdən ala bilməz. Mən kölə deyiləm, azad insanam. Yanıla bilərəm, fəqət yanlışlıqlarımda da həqiqət axtarmışam. Sizin əldəqayırma, oyuncaq məhkəmələrinizdən fərqli olaraq, ədalətin yüksəkliyində ucalan Strasburq məhkəməsi qərara alıb: “Eynulla Fətullayev həqiqəti axtarmaqda sərbəstdir. Onun bu hüququ əlindən alına bilməz”. Kim Sizə beynəlxalq məhkəmənin iradəsinə qarşı getmək haqqı verib?” – deyə Fətullayev məktubunda İlham Əliyevə sual edib.
Məktubun tam mətni ilə tanış olmaq üçün aşağıdakı linklərə müraciət edə bilərsiniz:
http://azadliq.info/bash_yazi/2789.html
http://azadliq.info/bash_yazi/2830.html
    Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
    Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
    Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir. Eynulla Fətullayev bir çox yerli və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınır.
    Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

ANS TELEVİZİYASI DA FƏTULLAYEVLƏ BAĞLI “QARA PİAR” APARIR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.