EYNULLA FƏTULLAYEVİN BİR MANATLIQ İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (04 oktyabr)  Səbail rayon Məhkəməsində hakim Elnur Həsənov  məhbus jurnalist Eynulla Fətullayevin Bakı şəhər Prokurorluğuna qarşı iddiasının təmin edilməməsi barədə qərarı elan edib.

Prosesdən sonra  baş redaktorun vəkili Elçin Sadıqov  RATİ-yə bildirib ki,  hakimin bu qərarından apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, Bakı Şəhər Prokurorluğu 2010-cu il fevral ayının 2-də məlumat yayaraq Eynulla Fətullayevin narkotik istifadəçisi olduğunu bəyan edib. Jurnalist məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan şəxs barəsində onun təqsirliliyinə dəlalət edən məlumatları yaydığına və bu barədə cəmiyyətdə əvvəlcədən rəy yaratdığına görə Bakı Şəhər Prokurorluğunun rəsmən üzr istəməsini, təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının törətdiyi hüquqi nəticələrə görə Bakı Şəhər Prokurorluğundan 1 manat alınaraq Qaradağ Rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilova ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia qaldırıb.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Onu da qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 3 NOYABR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.