EYNULLA FƏTULLAYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (12 mart) Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin Bakı İstintaq Təcridxanasında saxlanma müddətinin 2 ay uzadılması barədə Qaradağ rayon məhkəməsinin qərarından verdiyi şikayəti təmin edilməyib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkillərindən biri Elçin Sadıqov məlumat verib.

29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Burada saxlanma müddəti uzadıldığına görə, baş redaktor martın 1-də apellyasiya şikayəti vermişdi.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq,  2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

ELAN!

Next Post

“GƏNCLƏR KLUBU” BEYNƏLXALQ RESPUBLİKAÇILAR İNSTİTUTUNUN DİREKTORUNA MÜKAFAT TƏQDİM ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.