EYNULLA FƏTULLAYEVİN PULU ONA VERİLMİR

Beynəlxalq Bank “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayevin bank hesabında olan məbləği ödəməkdən imtina edib. Bu barədə bu gün (28 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil qeyd etdi ki, fevralın 18-də  Səbail rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə jurnalistin vəkillərinin iştirakı olmadan bu məsələ ilə bağlı  məhkəmə prosesi keçirilib. Hakim Eynulla Fətullayevin terror ittihamı üzrə ittiham olunduğu cinayət işinə xitam  verildiyi üçün onun bank hesabının üzərindən həbsin götürülməsi ilə bağlı növbəti  bir qərar çıxarılmağına ehtiyac olmadığı barədə qərar verib. Çünki bu ittihama əsasən jurnalistin bank hesabına qadağa qoyulmuşdu.

Elçin  Sadıqovun sözlərinə görə, Beynəlxalq Bank Səbail rayon Məhkəməsinin  bu barədə məhkəmə qərarın onlara təqdim etmədiyini əsas gətirərək pulu sahibinə ödəməkdən imtina edib.

Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 28 FEVRAL

Next Post

ELMAR HÜSEYNOVU BİRGƏ ANAQ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.