EYNULLA FƏTULLAYEVİN MÜRACİƏTİ

Əziz dostlar!
 
   Sabah bütün dünya siyasi məhbuslar gününü qeyd edəcək. Artıq bir çox xalqlar qarşı fikrə dözümsüzlüyü və ifadə azadlığına qarşı nifrət virusları yayan bu xəstəlikdən canını qurtarıb.

Biz isə hələ də istisnalar içindəyik. Görünür elə xəstəliklər var ki, xəstələrlə birlikdə qeybə çəkilir. 30 oktyabr – siyasi məhbuslar gününün anımı daha çox gələcək üçün nostalji duyğuları ilə bağlıdır. Bütövlükdə ölkəmizin keçmişi bizdə daha çox ağrı və kədər hisslərini oyadır, ona görə gəlin gələcəyin qeyri-müəyyənliyinə nostalji hissi ilə bağlanaq…
   Hər halda 35 il bundan öncə kommunistlərin düşərgələrində zəncirlənən siyasi məhbuslar və yaxud 70 il əvvəl faşistlərin zindanlarında sinələri qırmızı üçbucaqla damğalanan siyasi və vicdan məhbusları nə zamansa qeyri-müəyyən gələcəkdə Avropa Məhkəməsi kimi möcüzənin baş verə biləcəyinə inanmırdılar. Halbuki Sovetlər Birliyinin Avropa Şurasında üzvlüyə daha böyük haqqı vardı, nəinki bugünkü Azərbaycanın.
      19 oktyabrdan bu günə qədər, 10 gün ərzində mən qanunların icra olunması tələbi ilə aclığa başladım.  Əlbəttə, mən sadəlövh deyiləm, bilirəm ki, qanunlar ancaq azad insanların məmləkətində işləyə bilər. Qullar üçün qanunlar olmur, onlar üçün təlimatlar nəzərdə tutulur. Ancaq mən azad insan olmaq istəyirəm və bütün azərbaycanlıları azad görmək istəyirəm. Zindanda isə mübarizə arsenalım tükəndiyindən, nə qədər paradoksal səslənsə də həyat eşqi, yaşamaq arzusu naminə azadlıq uğrunda və əclaflığa etiraz olaraq aclığa başlamaqdan savayı yol qalmır. Hökumət 11 noyabr tarixində Avropa Məhkəməsinin qərarını icra etmək üçün Ali Məhkəmənin plenumunu keçirəcək. Qismən tələbimiz yerinə yetirildiyindən müddətsiz aclıq aksiyasında fasilə elan edirəm. Bu aksiyada mənə dəstək olmuş bütün jurnalist qardaş və bacılarıma dərin təşəkkürümü bildirirəm. Sizin qarşınızda baş əyirəm. Eyni zamanda mənə dəstək vermiş hər bir insana öz dərin ehtiramımı bildirmək istəyirəm. Fürsətdən istifadə edərək qarşıdan gələn parlament seçkilərində azadlıq uğrunda mübarizə aparan bütün insanlara müvəffəqiyyətlər arzulayıram. Və müraciətimi 1937-ci ildə Sovetlər Birliyində keçirilmiş parlament seçkilərindən sonra İosif Stalinin məşhur çıxışındn sitatla yekun vurmaq istəyirəm: “Ancaq bizim ölkədə belə düz, demokratik və azad seçkilər keçirilə bilər”. (İ.Stalin. Çıxışlar. Səhifə 103, M. 1938-ci il) Sağ olun!
P.S 30 oktyabr 2007-ci ildə mən Azərbaycan məhkəməsi tərəfindən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişəm. 30 oktyabr bizi bu gün də təqib edir.
      
        Eynulla Fətullayev.

                      29 oktyabr, 2010-cu il. Bakı İstintaq Təcridxanası.  

 

Previous Post

QARADAĞ RAYON MƏHKƏMƏSİ EYNULLA FƏTULLAYEVİN İŞİNİ APELYASİYA MƏHKƏMƏSİNƏ QAYTARIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.