SOSİAL ŞƏBƏKƏLƏRDƏ EYNULLA FƏTULLAYEVİN ADINA SAXTA PROFİLLƏR YARADILIB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin yaxın günlərdə həbsdən azad edilmiş baş redaktoru Eynulla Fətullayevin adına facebook sosial şəbəkəsində saxta profillər yaradılıb. Bu barədə bu gün(30 may)    Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Eynulla Fətullayevin özü məlumat verib. O, yaradılan profillərdən heç birinin  ona  məxsus olmadığını bildirdi:

“Mən bu məsələ ilə bağlı yaxın müddətdə hüquq mühafizə orqanlarına müraciət etməyi düşünürəm. Bütün bunları özümə qarşı təxribat hesab edirəm və bildirirəm ki, mən heç bir sosial şəbəkəyə üzv deyiləm, həmçinin internetdən də istifadə etmirəm”, – deyə baş redaktor bildirdi.
Eynulla Fətullayevin vəkili Anar Qasımov  RATİ-yə bildirdi ki, sosial şəbəkədə yaranan saxta profillər həqiqətən Fətullayevə məxsus deyil: “Eynulla bəy bu sosial şəbəkəyə üzv olarsa, bu barədə rəsmi açıqlama veriləcək və facebook sosial şəbəkə istifadəçiləri onun həqiqi istifadəçi olması barədə rəsmi şəkildə  məlumat landırılacaqlar”, – deyə o bildirdi.
Xatırladaq ki, Yasamal Məhkəməsi 26 sentyabr 2006-cı il tarixdə Daxili İşlər Naziri Ramil Usubovun xüsusi ittiham şikayəti əsasında Eynulla Fətullayevi böhtan və təhqirdə təqsirli sayaraq onu 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi. Məhkəmə  ona 2 illik sınaq müddəti cəzası müəyyən etmişdi.  20 aprel 2007-ci il tarixdə isə Yasamal Məhkəməsi jurnalisti böhtanda təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.
Bunun ardınca Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 30 oktyabr 2007-ci ildə Eynulla Fətullayevi Cinayət Məcəlləsinin 214.1 (terror hədəsi) və 283.2.2-ci (etnik düşmənçiliyin salınması) və 213.2-ci maddəsi (vergidən yayınma) cinayətində təqsirli bilib. Jurnalist Cinayət Məcəlləsinin 214.1-ci (terror hədəsi) maddəsi ilə 8 il, 283.2.2-ci (etnik düşmənçiliyin salınması) maddəsi ilə 3 il, 213.2-ci (vergidən yayınma) maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə yekunda cəzaları qismən toplamaq yolu ilə jurnalistə son olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında jurnalist Avropa Konvensiyanın 10-cu və 6-cı maddələri ilə verilən hüquqlarının pozulduğunu tanımışdı və onun dərhal həbsdən azad edilməsinə dair qərar çıxarmışdı.
            Habelə Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. 26 may 2011-ci ildə isə Eynulla Fətullayev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı  əfv fərmanı ilə həbsdən azad edilib.
 

 

 

Previous Post

NEFTÇİLƏR PROSPEKTİ 61 ÜNVANINDAKI EVLƏRİ GECƏ SAAT 3 DƏ SÖKDÜLƏR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.