FƏRƏMƏZ NOVRUZOĞLUNU YENİ VƏKİLİ MÜDAFİƏ EDƏCƏK

avqust 13th, 2012
Bu gün (10 avqust ) Nizami rayon Məhkəməsində hakim İmran Burcayevin sədrliyi ilə jurnalist Fərəməz Novruzoğlunun (Allahverdiyev) işi üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə təqsirləndirilən Fərəməz Novruzoğlu və ona dövlət tərəfindən təyin edilmiş yeni vəkil Zabit Məmmədov, eləcə də dövlət ittihamçısı Əsədulla Ramazanov iştirak ediblər.

            İlk olaraq vəkil Z. Məmmədov etibarnaməsini hakimə təqdim edib. Daha sonra Z. Məmmədov işlə tanış ola bilmək üçün hakimdən müddət xahiş etdi. Hakim İ. Burcayev prosesi 16 avqust saat 12:00-a təyin etdi.

             Xatırladaq ki, 18 aprel 2012-ci ildə jurnalist Fərəməz Novruzoğlu  gecə saatlarında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin  xüsusi əməliyyatı nəticəsində həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham olunur. Cinayət əməli təsdiq olunarsa, onu 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, F. Novruzoğlu uzun müddət "Xural" qəzetində çalışıb. Sonradan "24 saat", "Noto bene" qəzetlərinin qurucularından olub, “Millətim” qəzetində baş məsləhətçi kimi çalışıb.