HƏBSDƏKİ JURNALİST BAŞ PROKURORU MƏHKƏMƏYƏ VERİB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayev Azərbaycan Respublikasının  Baş Prokuroru  Zakir Qaralovu məhkəməyə verib.  Bu barədə bu gün (23 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Anar Qasımov məlumat verib.

Vəkilin sözlərinə görə,  iddia ərizəsi bir həftə bundan əvvəl Səbail rayon Məhkəməsinə göndərilib və  təqsirsizlik prezumpsiyası hüququnun pozulmasına görə baş prokurorun üzr istənilməsi tələb olunur.

İddia ərizəsində Eynulla Fətullayev barəsində qondarma terrorçuluq ittihamı ilə istintaq aparıldığı dövrdə baş prokuror Zakir Qaralovun  mətbuata verdiyi açıqlamalarla jurnalistin təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu, ictimai rəydə əvvəlcədən təqsirli olmağına dair mütləq fikir yaratması qeyd edilib.

Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

 

 

Previous Post

AMERİKANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN MƏTBUAT KATİBİ KİS BİN İLƏ MÜSAHİBƏ

Next Post

DƏVƏTNAMƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.