“FƏTULLAYEVİN TALEYİ AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİNDƏN ASILIDIR”

  Strasburq: Nazirlər Komitəsinin Nazir Müavinlərinin 30 noyabr – 3 dekabr tarixində insan hüquqları üzrə görüşü.

 Nazirlər Komitəsinin Nazir Müavinləri həbsdə olan Azərbaycanlı  jurnalist Eynulla Fətullayevin işini müzakirə etməyə  hazırlaşırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevin dərhal azad edilməsi barədə 22 aprel tarixli qərarına baxmayaraq, Fətullayev hələ də həbsdə saxlanılır.
 

     “Jurnalist Eynulla Fətullayevin hələ də həbsdə saxlanılması Azərbaycan hökumətinin İnsan Hüquqları  üzrə Avropa Konvensiyasına əsasən götürdüyü  öhdəliklərə hörmət etmədiyini göstərir. Avropa Şurasının Üzv Dövlətləri Azərbaycanda söz azadlığının narahatedici vəziyyətinə göz yummağa davam edə bilməz”, deyə ARTİKL 19 təşkilatının Avropa Proqram Meneceri Rebekka Vinsent bildirib.
 

     “Jurnalist Fətullayevin azad edilməsi barədə aydın məhkəmə hökmünü nəzərə alsaq, Nazirlər Komitəsi bu Dövlətə Avropa Şurası (AŞ) qarşısında götürdüyü öhdəliyi xatırlatmalıdır. Belə ki, AŞ-a üzv dövlətlər Avropa Məhkəməsinin qərarlarını şərtsiz icra etmək barədə öhdəlik götürürlər” –deyə İnsan Hüquqları Evi Fondunun (İHEF) Cenevrə ofisinin rəhbəri Florian İrminqer bildirdi.
 

     Dörd beynəlxalq qeyri-hökumət təşkilatının nümayəndələri Nazir müavinlərinin görüşündə Azərbaycanda ifadə azadlığı  barədə narahatlıqları, xüsusilə də Fətullayevin işi ilə bağlı Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməsi məsələsini qaldıracaqlar. İştirakçı təşkilatlar Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupunun üzvləri ARTİKL 19, İnsan Hüquqları Evi Fondu, Sərhədsiz Reportyorlar Birliyi və Dünya Qəzetlər və Xəbər Naşirləri Assosiasiyasıdır.
 

     “Təşkilatlar qarşıdakı görüşdə Nazirlər Komitəsini Eynulla Fətullayevin işinə diqqətlə baxmağa və Fətullayevin işi ilə bağlı qərarın yerinə yetirilməsi ilə bağlı heç bir tədbirin görülmədiyini nəzərə alaraq güclü aralıq tədbirlər görməyə çağırırlar,” deyə Sərhədsiz Reportyorlar Birliyinin nümayəndəsi Lüsi Moriyon bildirib.
 

     Deffamasiyanın kriminallaşdırılması, hökuməti tənqid edən jurnalistlərə qarşı müntəzəm zorakılıq hərəkətləri və genişlənən cəzasızlıq mühiti Azərbaycanda ifadə azadlığının getdikcə pisləşdiyini göstərir. Bundan əlavə, Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmə tarixçəsi də ürəkaçan deyil. Avropa Məhkəməsinin Eynulla Fətullayevin dərhal azad edilməsini tələb etməsi bu işə xüsusi önəm verir, çünki məhkəmənin fərdlərin azad edilməsini tələb etməsi nadir haldır. Avropa Məhkəməsinin qərarlarının icra edilməsi Avropa Şurasına üzv dövlətlər, o cümlədən Azərbaycan üçün tələbdir.
 

     Avropa İnsan Hüquqları Məhkəməsi İnsan Hüqauqları üzrə  Avropa Konvensiyasının yerinə yetirilməsi üzrə ali arbitrdir. Belə ki, Avropa Məhkəməsi aprelin 22-də qərar verdi ki, Fətullayevi həbs etməklə onun ifadə azadlığı və ədalətli mühakimə hüquqları pozulmuşdur. Buna görə də Məhkəmə onun dərhal azad edilməsini tələb etdi. Lakin hakimiyyət nümayəndələri onu azad etmək əvəzinə, Fətullayevə qarşı iyulun 6-da yeni ittiham – qanunsuz olaraq narkotik maddə saxlamaq ittihamı irəli sürdülər. İttihamın Avropa Məhkəməsinin Fətullayevlə bağlı qərarını yerinə yetirməmək və onu həbsdə saxlamağa davam etmək üçün quraşdırıldığı şübhə doğurmur. Oktyabrın 4-də Avropa Məhkəməsinin Yuxarı Palatası Azərbaycan hökumətinin qərarı yenidən keçirmək tələbini rədd etdikdən sonra qərar qəti élan olundu və Azərbaycan üçün məcburi qüvvə aldı.
 

     Ölkədə getdikcə pisləşən ifadə azadlığının vəziyyəti 7 noyabr parlament seçkiləri dövründə daha da pisləşdi. Seçkiqabağı dövrdə yayım mediasında siyasi plüralizmin olmaması, hökuməti tənqid edən jurnalist və bloqqerlərin həbsinin seçki dövründə də davam etməsi və seçki günü proseslərin jurnalistlər tərəfindən işıqlandırılmasına məmur müdaxiləsi doqquz beynəlxalq təşkilatdan ibarət bir qrup tərəfindən kəskin şəkildə ifşa edildi. Bu təşkilatlardan üçü sentyabrda Azərbaycanda ifadə azadlığı missiyasının iştirakçısı olmuşdur. Həmin missiya “İfadə Azadlğı hücum altında: Azərbaycanda Pisləşən Media Mühiti” adlı hesabat açıqladı.
 

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN XANIM ƏMƏKDAŞI POLİSƏ APARILIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.