Martın 13-də Quba hadisələri ilə bağlı saxlanılan “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, reklam işləri üzrə redaktor Zaur Mustafayev və “Poliqon” İnformasiya Agentliyinin bölgə müxbiri Cəmil Məmmədli Bakıya gətirilib.
Jurnalistlərin saxlanması və saxlanma səbəbləri ilə bağlı hüquq- mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb. Hətta jurnalistlərin hansı qisimdə saxlanması və ya onlara qarşı hansı maddələrlə ittiham irəli sürülməsi barədə məlumat yoxdur.
İstintaq orqanı jurnalistlərin saxlanması və saxlanma səbəbi ilə bağlı onların ailələrini belə məlumatlandırmayıb. Z.Mustafayevin atası Musafəddin Mustafayev Turan-a bildirib ki, oğlunun hansı səbəbdən və harada saxlanması ilə bağlı məlumata malik deyil. “Mən özüm də oğlumu axtarıram. Quba rayon prokuroru dedi ki, 2-3 saata buraxacaqlar. Amma artıq 3 gündür oğlumdan xəbərim yoxdur”, – o qeyd edib.
Eyni zamanda “Poliqon” agentliyindən Turan-a bölgə müxbirlərinin saxlanmasını təsdiq ediblər. Agentliyin baş redaktoru Azər Qaramanlı müxbirlərin taleyi ilə bağlı hər hansı məlumat ala bilmədiklərini bildirib.
Xatırladaq ki, hal-hazırda müxtəlif saxta ittihamlara (narkotik maddə, qanunsuz silah gəzdirmə və xuliqanlıq) 5 media nümayəndəsi (“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyev, islamazeri.az internet saytının baş redaktoru Ramin Bayramov, İranın “Səhər ” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlı və İranın “Səhər” telekanalının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramin Dadaşov ) həbsdədirlər.