GÜRCÜSTAN RƏSMİSİ ELMAR HÜSEYNOVUN QATİLLƏRİ BARƏDƏ İSTİNTAQIN MƏLUMATLARINI TƏKZİB ETDİ

Gürcüstanın Baş nazirinin  müavini Giorgi Baramidze  “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru,  mərhum jurnalist Elmar Hüseynovun qatillərinin Gürcüstan vətəndaşı olduqlarını və Azərbaycan rəsmilərinin  bu haqda Gürcüstana rəsmi məlumat verilməsi barədə xəbərini təkzib edib. Gürcüstanın Baş nazirinin  müavini Giorgi Baramidze “Azadlıq” radiosuna verdiyi müsahibəsində bu barədə ilk dəfə olaraq eşitdiyini bildirib:

“Şəxsən mən ilk dəfədir bu haqda eşidirəm. Həqiqi sözümdür, belə bir məsələnin olduğunu heç vaxt eşitməmişəm. Amma bir şeyi tam əminliklə deyə bilərəm ki, Gürcüstan hökuməti heç vaxt hər hansı cinayətkarı – fərq etmir, jurnalistin və ya adi vətəndaşın qatili olsun – gizlədə bilməz. Bu mümkün deyil. Bizim ölkələr arasındakı münasibətlərin səmimiliyini nəzərə alsaq, ümumiyyətlə, belə bir ehtimalı təsəvvür etmək çətindir” – deyə o, bildirib.

Qeyd edək ki, “Azərbaycan” qəzetinin 19 mart 2010-cu il tarixli sayına müsahibəsində Milli Təhlükəsizlik naziri Eldar Mahmudov müsahibəsində bu cinayətin törədilməsində əsas iştirakçılar olan Tahir Xubanov və Teymuraz Əliyevin tutulub ekstradisiya olunması barədə 6 vəsatətin göndərildiyini, lakin ölkələrin milli qanunvericiliyi və prosedur qaydaları ilə bağlı vəsatətlərin təmin edilməsində problemlərin olduğunu bildirib ( http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2010&Pid=2546).

Qeyd edək ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)  mərhum jurnalist Elmar Hüseynovun qətlinin istintaqı üzrə hansı addımların atılması və son nəticələrlə bağlı 19 fevral 2010-cu il tarixində Milli Təhlükəsizlik Nazirliyinə  (MTN) sorğu göndərmiş və MTN 2 mart 2010-cu il tarixində sorğuya cavab vermişdi.

MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin imzaladığı məktubda RATİ-nin  20 fevral 2008-ci il tarixli müraciətinə, “Monitor” jurnalının baş redaktoru Hüseynov Elmar Sabir oğlunun qətlə  yetirilməsi faktı ilə   bağlı həyata keçirilmiş çoxsaylı əməliyyat-istintaq hərəkətləri, eləcə də Gürcüstan Respublikası vətəndaşları Xubanov Tahir Bayram oğlu və Əliyev Teymuraz Adil oğlunun təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində həbs qətimkan tədbiri seçilməsi, barələrində beynəlxalq  axtarış elan edilməsi haqqında 05 mart 2008-ci il tarixdə RATİ-yə  müvafiq cavabın  verilməsi, eləcə də təqsirləndirilən şəxslər Tahir Xubanovun və Teymuraz Əliyevin tutularaq  istintaqa təqdim edilməsi və Elmar Hüseynovun qətlə yetirilməsinə aidiyyəti ola biləcək digər şəxslərin tam dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin  davam etdirilməsi qeyd olunmuşdu.

Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılaraq cəzalandırılmayıblar.

Previous Post

QADIN ZORAKILIĞI ƏLEYHİNƏ KAMPANİYA BAŞLAYIR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.