Hökumət “Skype”-ı bağlayır. “Azadlıq” qəzetinin verdiyi məlumata görə, “Skype” sisteminin Azərbaycanın elektron təhlükəsizliyinə təhlükə yaratmağını Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov deyib. Nazir Azərbaycanın elektron təhlükəsizliyində müəyyən zəif yerlərin olduğunu və bunun aradan qaldırılması istiqamətində hökumətin ciddi işlər gördüyünü bildirib.
Ekspertlər isə deyir ki, Azərbaycan hökumətinin bu mövqeyi heç də təsadüfdən deyil. Belə ki, hökumət internet istifadəçilərinə birbaşa görüntülü ünsiyyət imkanı yaradan “Skype” dan açıq şəkildə ehtiyatlanır. “Çünki hazırkı imkanlarına görə bu proqramın üçüncü şəxs və orqan tərəfindən izlənilməsi mümkün deyil. Belə olan halda da, hökumət bu sistemə nəzarət imkanlarını itirmiş olur. Görünür, Azərbaycan hökuməti bu nəzarət imkanına malik olmadığı üçün “Skype”-ı özü üçün təhlükə hesab edir”, – deyə “Azadlıq” qəzetinə adı açıqlanmayan ekspert bildirib.
Onu da qeyd edək ki, bu cür hadisələr siyasi dəyişikliklərə məruz qalmış ərəb ölkələrində və qonşu İranda müşahidə olunub.
Xatırladaq ki, “Human Rights Watch ” un hesabatında da Azərbaycanda internet yazışmalarına nəzarət edildiyi, lakin hökumətin hələ “Skype” a əl qoya bilmədiyi qeyd olunmuşdu.