10 Aprel 2018
Azərbaycanda söz azadlığına mövcud olan ciddi maneələr 2018-ci ilin aprelin 11-də keçiriləcək
növbədənkənar prezident seçkilərinin azad və ədalətli olacağını mümkünsüz edir, bu barədə
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatında deyilir.
İfadə azadlığının azad və ədalətli seçkilərin keçirilməsi tələblərinə cavab vermədiyi 2003, 2008 və
2013-ci il prezident seçkiləri ilə müqayisədə İlham Əliyev üçün dördüncü prezidentlik müddətinə
yol açan hazırki seçkiqabağı situasiyada ifadə, toplaşmaq, birlik azadlığının pozulması halları əvvəlki
üç prezident yarışmalarının cəmindən çoxdur.
Zəruri fundamental azadlıqların yoxluğu və gözlənilməz, heç bir əsaslandırma olmadan prezident
seçkilərinin 6 ay əvvələ çəkilməsi səbəbindən müxalifət hazırlıq üçün minimal vaxtın olmadığından
bu seçkiləri boykot etməyə məcbur oldu.
RATİ-nin dövlət və ictimai televiziyanı monitorinqi plüralizmin tamamilə yoxluğunu göstərdi, eyni
mənzərə respublikadakı bütün özəl tele-radio yayımlarında müşahidə edilirdi.
İctimai televiziyada pulsuz məhdud təşviqat efiri göstərdi ki, bu, mahiyyətcə prezidentliyə
namizədlərin debatına miskin parodiyadır.
İlham Əliyev əvvəlki seçkilərdə olduğu kimi ictimai fikrə etinasız yanaşaraq hətta hakim rejimin
prezidentliyə “müxalifət” namizədlər roluna təyin etdiyi, özünün nəzarətində olan opponentləri ilə
də seçkiqabağı teledebatlarda iştirakı lazım bilmədi.
Televiziyada seçkiqabağı təşviqat seçkini boykot etmək qərarı vermiş demokratik müxalifətə,
müstəqil onlayn KİV-ə və sürgündə yaşayan tanınmış blogerlərə iyrənc hücumla yadda qaldı. Hələ
də ciddi şəkildə ictimai fikrin formalaşmasına təsir edən bütün ümumrespublika tele-radio kanalları
hakim rejimin və onun namizədi İlham Əliyevin təbliğatının ruporu rolunu yerinə yetirirdi.
Ölkədə bir dənə də müstəqil və müxalif qəzetinin qalmadığı nəzərə alınsa, fərqli düşünənlər üçün
yeganə qismən azad seqment kimi internet qalır. Son 12 ayda onlayn mühitdə ifadə azadlığına
nəzarətin kəskin artması səbəbindən vaxtilə qismən azad olan Azəraycan interneti qismən qeyri-
azada çevrildi.
Bu gün Azərbaycanda bütün nüfuzlu müstəqil və müxalif onlayn-KİV- lər bloklanır, aparıcı onlayn-
tənqidçilər həbsə atılıb, hakimiyyət sürgündə yaşayan tanınmış blogerlərə qarşı görünməmiş
mənəvi terror kampaniyasına başlayıb, ölkədə olan qohumlarını həbsə atır və işgəncə verir, hətta
dissidentlərin dünyasını dəyişmiş valideynlərinin məzarları üzərində vandalizm aktından belə
çəkinmir.
Azərbaycan internetinin yeganə nisbətən azad seqmenti populyar Youtube, Facebook, Instagram
servisləridir, ancaq burda da hakimiyyət qeyri-rəsmi nəzarəti gücləndirib.
Bütün ölkədə polis əməkdaşları sosial şəbəkə istifadəçilərinin şərhlərini monitorinq edir, çox vaxt
daha tənqidi statusların yaxud şərhlərin müəlliflərini uydurma bəhanələrlə inzibati həbsə atır.
Bu işdə hüquq mühafizə orqanları əməkdaşları ilə yanaşı statusların monitorinqini polisə kömək
edən çoxsaylı “ictimai könüllülər” ordusu, həmçinin hakimiyyətin çoxminlik trollar ordusu da
həyata keçirir, trollar internet istifadəçilərini yanıltmaq və dezinformasiya yaymaqla yanaşı hüquq
mühafizə orqanlarına ölkənin daxilində daha çox fəal olan hansı istifadəçinin qorxudulmalı
olduğunu işarə edir.
Onlayn mühitə nəzarət ehtimal etməyə imkan verir ki, fərqli düşünənlərə qarşı hakimiyyətin təbliğ
etdiyi nifrət dili kritik dərəcədə qorxulu səviyyədədir.
Belə ki, hakimiyyət və hakimiyönlü düşərgənin nümayəndələri tənqidçiləri təhqir etməklə yanaşı
sürgündə olan onlayn dissidentlərin fiziki cəzasına yaxud həbs edilərək məcburi şəkildə
Azərbaycana gətirilməsinə çağırır.
“Seçki ərəfəsində Azərbaycanda jurnalistlərin təhlükəsizliyi və azadlığı ilə bağlı vəziyyət məyusedici
dərəcədə çətindir”, – deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bəyan edib.
Ötən həftə Ali Məhkəmənin jurnalist Əziz Orucovun azad edilməsi ilə bağlı qərar verməsinə
baxmayaraq, aydındır ki, hakimiyyət seçki günü ərəfəsində bilərəkdən müstəqil məhkəmə
sisteminin və jurnalistlərə təzyiqin zəifləməsinə siyasi iradənin mövcudluğunu imitasiya edərək
xarici müşahidəçilərin “gözünə pozitiv kül üfürür”.
Ölkədə hələ də ondan çox jurnalist və blogerin həbsdə olduğu, onlardan bəzilərinin, ötən ilin aprel
ayında bloger Mehman Qələndərov kimi həbsxanada dünyasını dəyişdiyini, hakimiyyətin bilərəkdən
jurnalistlərin qətlini effektiv araşdırmaqdan imtina etdiyi halda Azərbaycan hakimiyyətinin tənqidə
daha dözümlü olduğunu güman etmək sadəlövhlükdür.
Bütövlükdə azad və ədalətli seçkilər standartlarına uyğunsuzluq nöqteyi nəzərindən bu seçkilər
nəinki Azərbaycan üçün, həmçinin əsas dəyərləri kleptokratiya, korrupsiya, qohumbazlıq olan
hakim rejim tərəfindən idealları belə həyasızcasına tapdalanan Avropa Şurası üçün ən biabirçı
seçkidir, deyə Hüseynov fikrini yekunlaşdırıb.
RATİ təəssüflə təsdiq edir ki, hakimiyyətin ağır təzyiqi altında olan Azərbaycanın vətəndaş cəmiyyəti
ədalətsiz, sərt qanunverici məhdudiyyətlər, həmçinin ənənəvi Qərb donorları tərəfindən zəruri
dəstəyin olmaması səbəbindən üzərinə qoyulan funksiyaları həyata keçirə bilmir.
Vətəndaş cəmiyyətinin seçkiləri müşahidə etmək imkanından məhrum edildiyi şəraitdə seçkilərin
qərəzsiz müşahidə edilməsinə görə məsuliyyət aralıq hesabatları seçkiqabağı mühitin tam
dramatikliyini əks etdirməyən ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun
üzərinə düşür.
RATİ Avropa Şurası, ATƏT və Avropa Birliyinin demokratik ölkələrini Azərbaycan hakimiyyətinin
demokratiya və insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini pozmasına maksimal sərt və
adekvart qiymət verməyə və hakim elitanın nümayəndələrinə qarşı sərt sanksiyalar tətbiqinə
başlamağa çağırır.
Əvvəlki seçkilərdə xarici müşahidəçilərin ələ alınması ilə bağlı çirkin təcrübəni nəzərə alaraq RATİ
beynəlxalq müşahidəçiləri Azərbaycan hakimiyyətinin korrupsiya təkliflərinin təsiri altına
düşməməyə və vicdanları ilə anlaşmaya getməməyə çağırır.
RATİ Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistlər Əfqan Muxtarlı, Mehman Hüseynov,
Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, Cavid Şirəliuev, Fikrət İbişbəyli, Ziya Əsədli, Ərşad
İbrahimli, şair Tofiq Həsənov, yazıçı Saday Şəkərli, blogerlər İlkin Rüstəmzadə və Rəşad Ramazanov,
həmçinin qrafiti fəalları Bayram Məmmədov və Qiyas İbrahimovu azad etməyə və ölkədə
fundamental insan hüquqlarının tamamilə yoxluğu fonunda beynəlxalq legitimliyə nail olmaq üçün
insan talelərindən riyakarcasına istifadəyə son qoymağa çağırır.