RATİ: İnsan haqlarının total şəkildə pozulması fonunda Azərbaycan növbədənkənar prezident seçkilərini elan edir

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) prezident İlham Əliyevin qəfil və əsaslandırılmadan 2018-ci ilin aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin etməsi barədə qərarını pisləyir və ölkədə lazımı səviyyədə ifadə azadlığı olmadığı halda, bu müddətdə azad və ədalətli seçkilərin keçirilməsini mümkünsüz hesab edir.

RATİ hesab edir ki, prezindent İlham Əliyev özünə, yaxud potensial varisinə mütləq üstünlük təmin etmək və müxalifətdən prezidentliyə namizəd olanlar üçün qeyri-bərabər və ağır şərait yaratmaq üçün qəsdən öz xidməti səlahiyyətlərindən sui-istifadə edib.

“Ənənəvi teleradio yayım siqmentində plüralizmin monitorinqinin nəticələri göstərir ki, istər dövlət, istər ictimai və ya özəl teleyayım şirkətləri istisnasız olaraq hakimiyyətin tam nəzarəti altındadır və hakim rejimin təbliğat carçısı rolunu oynayır, ölkə əhalisinin təxminən 75 faizində hakimiyyət üçün zəruri olan ictimai fikri formalaşdırır”, – deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov qeyd edib.

“Ölkədə bir dənə də olsun müstəqil çap nəşri olmadığı, əksər müstəqil xəbər saytlarının məhkəmə və qeyri-məhkəmə yolu ilə bloklandığı, azsaylı müstəqil onlayn nəşrlərin üzərində qapanmaq təhlükəsi olduğu, fundamental ifadə azadlığından istifadəyə görə hökumətin aparıcı tənqidçiləri həbs edildiyi bir şəraitdə ifadə azadlığı səviyyəsi azad və ədalətli seçkilərin keçirilməsi üçün lazımi tələblərə cavab vermir”, – deyə RATİ-nin rəhbəri fikrini yekunlaşdırıb.

RATİ hesab edir ki, əsassız olaraq növbədənkənar seçki təyin edərkən Azərbaycan prezidenti 2016-cı ildə özünün təşəbbüsü ilə keçirilmiş və demokratik normalar baxımından şübhəli olan, Avropa Şurasının Venesiya Komissiyası tərəfindən tənqid edilən referendumda əldə etdiyi Azərbaycan Konstitusiyasının antidemokratik normasından yararlanıb. Məhz 2016-cı ildə ümumxalq referendumunun nəticələrinin total saxtalaşdırılması yolu ilə İlham Əliyev Konstotusiyanın müddəalarını öz şəxsi maraqlarına uyğunlaşdıra və Azərbaycanda hakimiyyət qollarının onsuz da kövrək olan balansını tam dağıtmağa nail oldu.

2016-cı il konstitusiya dəyişikliklərinin tənqidçilərinin ehtiyatla gözlədiyi kimi İlham Əliyev artıq 2017-ciilin fevral ayında yeni təsis edilmiş birinci vitse-prezident vəzifəsinə öz həyat yoldaşı Mehriban Əliyevanı təyin etdi, özü isə dünyanın heç bir ölkəsində analoqu olmayan heç bir səbəb və izahatsız növbədən kənar prezident seçkiləri təyin etmək hüququ əldə etdi.
2016-cı il Konstitusiya dəyişikliklərinin prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə qədər artırdığını və namizədlər üçün yaş senzini aradan qaldırdığını, həmçinin 2009-cu ildə oxşar şübhəli Konstitusiya dəyişiklikləri nəticəsində bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qadağanı aradan qaldırılmasını nəzərə alsaq, üçüncü müddətə prezident vəzifəsində olan və dördüncü, artıq 7 illik və sonuncu olmayan müddətə hazırlaşan İlham Əliyev prezident idarəçilik üsulu olan de-yuri unitar dövlətdə de-fakto mütləq monarx kimi dəyişilməz rəhbərə çevrilir.

Azərbaycanda ifadə və sərbəst toplaşmaq azadlığı ilə bağlı ağır vəziyyəti nəzərə alan RATİ Avropa Şurası və ATƏT-i, həmçinin bu təşkilatlara üzv olan dövlətləri İlham Əliyevin insan hüquqları və demokratiyanın əsas normalarına kobud etinadsızlığını qınamağa və Azərbaycan hökumətini Azərbaycan xalqına növbəti dövlət başçısını azad yolla seçməyə imkan verməyəcək növbədənkənar seçkilərdən imtina etməyə səsləməyə çağırır.

RATİ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu və Avropa Şurasının Venesiya Komissiyasını Azərbaycan prezidentinin əsaslandırılmamış qərarına birgə qiymət verməyə çağırır.

Eyni zamanda, RATİ Avropa Şurası Nazirlər Kabinetini təcili məsləhətləşmələr aparmağa və Azərbaycan hökumətinə ölkənin 2001-ci ildə bu təşkilata üzv olarkən yerinə yetirmək öhdəliyi götürdüyü Avropa Şurası standartlarına uyğun seçkilərin keçirilməsi ilə bağlı təcili tövsiyələr paketi işləyib hazırlamağa çağırır.
RATİ həmçinin ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın XİN başçısı Ancelino Alifanonu ATƏT-in Daimi Şurasının iclasını çağırmağa, Azərbaycanda əsaslandırılmamış növbədənkənar prezident seçkiləri ilə bağlı siyasi məsləhətləşmələr aparmağa və ATƏT-in Nazirlər Şurası adından İlham Əliyevin qərarının Helsinki Yekun Aktında və Yeni Avropa üçün Paris Xartiyasında aydın ifadə edilən ATƏT-in dəyərlərinə nə dərəcədə uyğun olduğuna qiymət verməyə çağırır.

RATİ həmçinin ATƏT-in Parlament Assambleyasının fevralın 22-23-də Vyanada keçiriləcək növbəti qış sessiyasında Azərbaycanla bağlı təcili dinləmələr keçirməyi və qətnamə qəbulu etməklə İlham Əliyevin qərarını insan huquqları və demokratiyanın əsas prinsiplərini pozan qərar kimi pisləməyə çağırır.

RATİ həmçinin Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər üzrə Komitəsini, Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsini, eləcə də Monitorinq Komitəsini təcili sürətdə Azərbaycandakı əsaslandırılmamış növbədənkənar prezident seçkiləri ilə bağlı qiymətləndirmə rəyi hazırlamağa və Azərbaycanın bu planlarının ölkənin Avropa Şurası qarşısında insan haqları və demokratiya normaları ilə bağlı götürdüyü öhdəliklərə nə dərəcədə zidd olmasına dair müvafiq hesabatlar hazırlamağa çağırır.

RATİ Avropa İttifaqını Azərbaycan hakimiyyəti “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində prioritet istiqamət olan həqiqi demokratik islahatların keçirilməsi üçün iradə nümayiş etdirməyincə Azərbaycan hakimiyyəti ilə münasibətlərinə tam yenidən baxmağa və “Strateji əməkdaşlıq haqqında” Sazişin hazırlanması çərçivəsində bütün danışıqları dayandırmağa çağırır.

Öz növbəsində RATİ həmçinin Azərbaycanın vətəndaş cəmiyyətini və siyasi partiyalarını prezidentin növbədənkənar seçkilərlə əlaqədar fərmanı ilə bağlı Azərbaycan Konstitusiya Məhkəməsinə müraciət etməyə səsləyir.

RATİ Azərbaycanın siyasi rəhbərliyini seçkiləri özlərinin əvvəlcədən və dəfələrlə elan etdikləri vaxtda – 2018-ci ilin oktyabrın 17-də keçirməyə və həmin vaxta qədər ölkədə ifadə, sərbəst toplaşmaq azadlıqlarına tətbiq edilmiş məhduyyitələrin aradan qaldırılması ilə bağlı zərur islahatlar həyata keçirməyə çağırır.

Seçkiqabağı mühitin yaxşılaşdırılması üçün ilk və təxirəsalınmaz addımlar kimi RATİ hakimiyyəti bütün siyasi məhbusları, o cümlədən jurnalist, bloger, yazıçı, şair olan vicdan məhbuslarını azad etməyə, həmçinin vətəndaş cəmiyyətinin və siyasi müxalifətin sərbəst fəaliyyəti üçün qanunverici məhdudiyyətləri aradan qaldırmağa çağırır.

06 Fevral 2016
RATİ Bəyanat

Previous Post

RATİ: Azərbaycan hakimiyyəti müstəqil mediaya qarşı kiber təxribatlara son qoymalıdır

Next Post

HAKIMIYYƏTIN İFADƏ AZADLIĞINA HÜCUMU AZAD VƏ ƏDALƏTLI SEÇKİLƏR ÜÇÜN ZƏMİNİN OLMADIĞINI GÖSTƏRİR

Start typing to see posts you are looking for.