HAKİM GÜLƏR ƏHMƏDOVANIN İNSULT KEÇİRDİYİ ÜÇÜN MƏHKƏMƏYƏ GƏLƏ BİLMƏYƏCƏYİNİ DEYİR

noyabr 14th, 2012
Noyabrın 14-də Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə Əvəz Zeynallı, onun vəkilləri Elçin Sadıqov və Yalçın İmanov, eləcə dövlət ittihamçısı Ramazan Hadıyev iştirak ediblər.

Hakim R. Allahverdiyeva şahid qismində məhkəməyə gəlməli olan sabiq deputat  Gülər Əhmədova və Aydın Heydərovun məhkəməyə ərizə ilə müraciət edərək, sağlamlıqlarında yaranan problemlə əlaqədar prosesə gələ bilməyəcəkləri bildirdi. O Gülər Əhmədovanın insult keçirdiyini dedi.  Əvəz Zeynallı etiraz edərək, hər ikisinin sübut üçün məhkəməyə həkim arayışı təqdim etməli olduqlarını bildirdi. Amma hakim belə bir ərizənin olmadığını bildirdi, habelə təkidlə Ə.Zeynallını son sözünü deməyə dəvət etdi.
 Zeynallı və vəkilləri isə işdə əsas şahid olan G.Əhmədovanın şahid qismində məhkəmədə ifadə verilməsini və ya onun ittihamının işdən çıxarılması barədə vəsatət qaldırdılar. Ə.Zeynallı mətbuatda G.Əhmədovanın ABŞ və digər xarici ölkələrə səfər etdiyini, amma məhkəməni saymadığı üçün prosesə gəlmədiyini dedi.
Amma hakim Zeynallının vəsatətini müşavirəyə getmədən rəd etdi.
Daha sonra Əvəz Zeynallı məhkəmə tərkibinə etirazla bağlı vəsatət verdi. Qısa müşavirədən sonra vəsatət prosesi aparan məhkəmə heyəti tərəfindən  rədd edildi. Daha sonra Zeynallı  həbs olunarkən ondan alınmış mobil telefonların qaytarılması, eləcə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin  onun xidməti otağında axtarış apararkən itən 300 dollar məbləğində pulun taleyi ilə bağlı məhkəmənin adı çəkilən idarəyə sorğu verməsi barədə vəsatətlər  verdi. Hakim R. Allahverdiyeva qısa müşavirədən sonra bu vəsatətlərin  də təmin edilmədiyini  deyərək, növbəti prosesi 20 noyabr saat 10.00-a təyin etdi.
Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (Külli miqdarda rüşvət alma) və 311.3.4-cü (Hədə qorxu tətbiq olumaqla rüşvət alma) maddələri ilə ittiham edilir. Baş redktor haqqında qaldırılan iddiaları qəbul etmir. Beynəlxalq Jurnalist təşkilatları Əvəz Zeynallının həbsini peşə fəaliyyətilə bağlı siyasi sifariş olduğunu bəyan edirlər.