İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu gün həbsdə aclıq edən “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə baş çəkib.
Bu haqda RATİ-yə məlumat verən Behbudov bildirib ki, “jurnalist 12 saylı Cəzaçəkmə müəssisəsinin tibb hissəsində ayrıca palatada saxlanılır. O bacarana qədər aclığı davam etdirməkdə israrlıdır. Mən onu aclığı dayandırmağa çağırsam da, razılaşmadı. CÇM-nin tibb hissəsinin rəisi Nemət Rəhimovla söhbət etdim. O bildirdi ki, E. Fətullayevin vəziyyəti hələ normaldır. Həkim jurnalistin həyatına təhlükə yaranacağı təqdirdə onu təlimata uyğun olaraq məcburi yedizdirəcəklərini də vurğuladı. Mən müəssisəni tərk edərkən ora həkimlər gəldi. Tibb hissəsinin rəisi bildirdi ki, bu həkimlər Fətullayevi müayinə etmək üçün gəliblər”. Behbudov onu da əlavə edib ki, “Fətullayev mənimlə söhbət zamanı Gültəkin Hacıyevanın İTV-də jurnalistlər barədə açıqlamasına öz etirazını bildirib”.