Martın 3-də Nəsimi rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının, eləcə də hakim Etibar Hümbətovun sədrliyi ilə onun tanışı Ceyhun Fərzullayev barəsində istintaqın gedişi ilə bağlı həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı prokurorun verdiyi müraciətə əsasən məhkəmə prosesi keçirildi.
İlk olaraq Nemət Pənahlının tanışı Ceyhun Fərzullayevin prosesi başlanıb. Qapalı keçən prosesdən sonra Fərzullayevin vəkili Elçin Əliyev RATİ-yə istintaq müddətinin 1 ay uzadılması barədə qərarın elan olunduğunu qeyd edərək, işin istintaq sirri olmasını bildirdi və bu barədə ətraflı məlumat verə bilməyəcəyini dedi.
Daha sonra Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının məhkəmə prosesi başlanıb. Nemət Pənahlı vəkilindən imtina etməsi barədə vəsatət qaldırıb və onun bu vəsatəti təmin edilib.
Qardaşı Səməd Pənahov Nemət Pənahlının hüquqlarını bundan sonra vəkil Samir İsayevin müdafiə edəcəyini bildirdi. Nahar fasiləsindən sonra davam edən məhkəmə prosesində Nemət Pənahlı barəsində də daha bir ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yanvarın 8-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci polis bölməsinə aparılıb. Pənahlının saxlanmasına səbəb yanvarın 7-də vətəndaş Eldar Rzayevin polisə müraciəti olub. O, Mirəli Qaşqay küçəsində Pənahlı və onun tanışı Ceyhun Fərzullayev tərəfindən yumruq və metal əşya vasitəsilə döyüldüyünü iddia edərək, polisə müraciət edib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Yaxınlarının verdiyi məlumata görə, əslində Pənahlı namizəd kimi iştirak etdiyi 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı, seçkilərdən sonra mətbuatda, xüsusilə də “Nota PS” qəzetlərində dərc olunan sərt fikirlərinə görə şərlənərək həbs edilib.