ADNAN HACIZADƏ VƏ EMİN MİLLİNİN CİNAYƏT İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (16 sentyabr) Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun sədrliyi ilə gənc bloqçular Adnan Hacızadəyə və Emin Abdullayevə (Milli) qarşı Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə əsasən proses keçirilib.

Diplomatik korpusun nümayəndələrinin prosesə daxil olmasına şərait yaratsalar da, məhkəmə nəzarətçiləri zalda əyləşmək üçün yer qalmadığını bildirərək, çox sayda media və QHT nümayəndələrini, o cümlədən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşlarını məhkəmə prosesinə buraxmadılar.
    Vəkil İsaxan Aşurov məhkəmədən sonra  RATİ-yə bildirib ki, proses zamanı zərərçəkmiş şəxs qismində tanınan Vüsal Məmmədov və Babək Hüseynov ifadə veriblər. Onlar restoranda Adnan Hacızadə və Emin Abdullayevin (Milli) söyüş söyməsinə etiraz etdikəri üçün münaqişə yarandığını və nəticədə döyüldüklərini iddia ediblər. Babək Hüseynov söyüş söyüldüyünə görə digər masada əyləşən bir neçə qızın narahat olduğunu və məhz buna görə Hacızadə və Abdullayevə etiraz etdiklərini bildirib. İş vaxtı başa çatdığından prosesdə fasilə elan olunub və növbəti proses 18 sentyabr saat 15.00-a təyin edilib.
Qeyd edək ki,  əyinlərinə “Mən də xuliqanam” sözləri yazılmış köynək geyən 6 gənc proses başlamazdan əvvəl – saat 14.45-də polis tərəfindən saxlanılaraq Səbail rayon Polis idarəsinin 9-cu polis bölməsinə aparılıb və saat 18.00-dək orada saxlanılıblar.
Məhkəmə zalına buraxılmayan 70-dək müşahidəçi prosesin sonunadək məhkəmə binasının qarşısında gözləyərək, Penitensiar Xidmətin maşını ilə aparılan Adnan və Emini alqışlarla və “Azadlıq” şüarı ilə yola salıblar.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.

Previous Post

“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ APPELYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.