NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİ İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Bu gün (24 noyabr) Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Məryəm Məmmədova və Emil Məmmədovun “Tolışi-sədo “ qəzetinin baş redaktoru Novruzəli  Məmmədovun ölümü ilə bağlı Maliyyə  Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş  İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçıların vəkili Ramiz Məmmədov və cavabdehlər – Ədliyyə Nazirliyinin  Baş Tibbİdarəsinin rəisi İftixar Qurbanov, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndəsi Elşən Həsənov və 15 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Malik Şirməmmədov iştirak edirdilər.

        Prosesdə şahid qismində 15 saylı cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsinin rəisi Kamal Rüstəmov ifadə verdi. Qeyd edək ki, dünənki məhkəmə prosesində iddiaçının vəkili R. Məmmədov N.Məmmədovun tibbi kartında yer alan imzaların 15 saylı cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsinin rəisi Kamal Rüstəmova məxsus olmadığını, imzalar arasında fərqlərin olduğunu deyərək, bununla bağlı xətşünaslıq ekspertizasının keçirilməsi və K.Rüstəmovun məhkəməyə çağırılması barədə vəsatət qaldırmışdı.

      K.Rüstəmov ifadəsində mərhum N.Məmmədovun tibbi kartında yer alan imzaların özünə məxsus olduğunu bildirdi.

      Vəkil R. Məmmədov isə onun doğru söyləmədiyini bildirdi.

      Hakim İ. Şirinov qərarı elan etmək üçün məhkəmə  prosesini 25 noyabr saat 10:00-a təyin etdi.

      Qeyd edək ki, Məryəm Məmmədova və Emil Məmmədov Nizami rayon məhkəməsinin 06 fevral 2009-cu il tarixli, 6(007)-7/09 saylı  qərarı ilə cavabdehlərin üzərinə qoyulmuş, mərhum Novruzəli Xanməmməd oğlu Məmmədovun müayinə və müalicə olunması vəzifələrinin icra olunmamasını (hərəkətsizliyi) yaşamaq hüququnun pozuntusu kimi  qanunsuz hesab edilməsini, həmçinin cavabdehlərin hərəkətsizliyi nəticəsində onlara dəymiş mənəvi ziyana görə 3.000.000 manat məbləğində təzminat ödənilməsini istəyirlər.

      Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.
 

Previous Post

ELAN!

Next Post

AİLƏ ÜZVLƏRİ GƏNC BLOQÇULARLA GÖRÜŞƏ BİLƏCƏKLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.