Bu gün (29 sentyabr) Səbail rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sabiq redaktoru Asəf Quliyevin televiziyaya qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib.
Prosesdə cavabdeh tərəfdən AzTV-nin nümayəndəsi Sədrəddin İsgəndərov iştirak etsə də iddiaçı və onun nümayəndəsi prosesdə iştirak etməyiblər.
Hakim F.Hüseynov iddiaçının nümayəndəsi Fariz Namazlı tərəfindən məhkəməyə onun səfərdə olması səbəbindən prosesin təxirə salınması barədə vəsatətin daxil olduğunu deyərək, prosesi 5 oktyabr 16:00-a təyin etdi.
Xatırladaq ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti bu il iyulun 31-də müqavilə müddəti başa çatandan sonra Asəf Quliyevlə yeni müqavilə bağlamayıb. A. Quliyev şirkət rəhbərliyinin işdən çıxarılmağı ilə bağlı əmrinin ləğvini, müddətsiz müqavilə bağlanılması şərti ilə AzTV-də redaktor vəzifəsinə təyin edilməsini, işi buraxdığı müddətin əməkhaqqının və kompensasiya ödənməsini tələb edir.