İNSAN HÜQUQLARI EVİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

aprel 25th, 2009
 25 aprel ATƏT, Avropa Şurası, Norveç, Böyük Britaniya, ABŞ səfirlikləri dəstəyi ilə İnsan Hüquqları Evinin açılış mərasimi keçirilib.

Tədbiri çıxış sözü ilə açan Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yan Ramberq bu cür qurumun yaradılmasının Azərbaycanda insan hüquqlarının qorunması uğrunda atılan mühüm addımlardan biri olduğunu vurğuladı: “Bu addımın təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da həmrəylik yaradacağına ümid etdirəm”- deyə söylədi.
Daha sonra İnsan Hüquqları Şəbəkəsinin direktoru Mariya Daula çıxış edərək layihənin gələcək planları, əlaqədar qurumlar, keçiriləcək seminar-treninqlər barədə məlumat verdi. Direktor Hüquq Evinin İnsan Hüquqlarına dair məsələlər üzrə beynəlxalq aləmlə Azərbaycan arasında davamlı əlaqələrin qurulmasında yardımçı rol oynayacağını qeyd etdi.
Belarusiya İnsan Hüquqları Evinin direktoru Boris Zvozskau da qurumun əhəmiyyətindən danışdı və gələcək fəaliyyətində ona uğurlar arzuladı.
Layihə direktoru Anna Bonde digər İnsan Hüquqları Evlərinin Azərbaycana ünvanlanmış təbriklərini və xoş arzularını tədbir iştirakçılarına çatdırdı.
Mərasimi yekun sözü ilə bitirən Şəhla İsmayılova qurumun direktoru kimi üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirəcəyinə söz verdi.
Qeyd edək ki, İnsan Hüquqları Evi 2008-ci ildə qeydiyyatdan keçib. Fəaliyyətinin ilk dövrlərində tərəfdarları ilə iş birliyi qurmağı planlaşdıran İnsan Hüquqları Evinin yaxın gələcəkdə rəsmi üzvlərinin olacağı da nəzərdə tutulur.