İFEX (Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi) Mehman Hüseynovun azadlığa buraxılmasına çağırır

İfadə və məlumat azadlığı hüququnun təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən 119 təşkilatdan ibarət qlobal şəbəkə olan İFEX üzvlərindən biri olan Reportyorların Azadlıq İnstitutunun sədri Mehman Hüseynovun işinin daha əvvəl onu məhkum etmiş apellyasiya məhkəməsinə geri qaytarılması barədə Azərbaycanın Ali Məhkəməsinin qərarını qətiyyətlə pisləyir.

Hüseynov Azərbaycan rəsmiləri tərəfindən yol verildiyi iddia edilən korrupsiya əməllərini araşdıran tənqidi jurnalistikası ilə tanınır. O, polis bölməsində zorakılığa məruz qalması və ona elektroşokla işgəncə verilməsi barədə açıqlamasından sonra polis idarəsinə şər atmaq ittihamı ilə həbs olunaraq 2017-ci ilin mart ayında iki il müddətə azadlıqdan məhrum olunub.

Sentyabrın 29-da Azərbaycanın Ali Məhkəməsi Hüseynovun işini onunla bağlı hökmdə əlavə sübutların nəzərə alınmalı olduğunu əsas gətirərək Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Məhkəmənin Hüseynova işgəncə vermiş şəxslər tərəfindən ona qarşı açılmış cəzalandırıcı böhtan işini ləğv etməkdənsə onu təsdiqləyən qərarı aşkar haqsızlığın fonunda ədaləti bərpa etməyib. Heç kəs hökumətin agentləri tərəfindən necə fiziki zorakılığa məruz qaldığı barədə danışdığı üçün həbs edilməməlidir. Bu hal həmçinin Hüseynovun özü tərəfindən ona qarşı rəftarla bağlı verilmiş məhkəmə şikayətinin başdansovdu şəkildə təmin olunmaması faktı ilə tam ziddiyyət təşkil edir.

Ali Məhkəmənin qərarı bu cür şübhəli ittihamlar əsasında Hüseynovun həbs müddətinin uzadılmasına gətirib çıxaracaq. Bunun əsas təsiri yalnız Hüseynovun cəzalandırılması deyil, eyni zamanda digər potensial müxalif şəxslərə və Azərbaycan vətəndaşları tərəfindən potensial ictimai etirazlara güclü çəkindirici təsirin göstərilməsidir.

Göründüyü qədərincə Azərbaycan hökuməti ölkənin məhkəmə sistemindən cəzalandırma vasitəsi kimi istifadəni davam etdirmək ənənəsinə sadiq qalsa da, beynəlxalq münasibətlərin subyektlərinin bu proseslərdən narazılıqlarını daha kəskin formada ifadə etməyə başlaması bizi ümidləndirir. Məsələn, bu yaxınlarda baş vermiş bu cür əlamətdar hadisələrdən biri Avropa Şurası Nazirlər Komitəsi tərəfindən Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin siyasi fəal İlqar Məmmədovun həbsinin qanunsuz olması barədə 2014-cü il tarixli qərarına davamlı etinasızlıq səbəbindən hüquqi pozuntu üzrə icraata başlaması olmuşdur.

Hüseynovun həbsi ATƏT və Avropa Birliyinin Xarici Fəaliyyət Xidməti kimi Avropa institutları tərəfindən geniş şəkildə qınanıb. Hazırda isə daha çox addımların atılmasına ehtiyac var.

Biz, beynəlxalq qurumları bu ay baş tutacaq Avropa Şurası Parlamenti Assambleyası, habelə Avropa Birliyi ilə Azərbaycan arasında insan hüquqları dialoqu daxil olmaqla, səslərinin eşitdirilə biləcəyi qarşıdan gələn bir sıra imkanlardan istifadə edərək Mehman Hüseynovun müdafiəsinə qalxmağa çağırırıq. Biz, konkret olaraq:

Avropa Şurasının Parlament Assambleyasını Mehman Hüseynov və haqsız yerə həbs olunmuş digər jurnalist və ifadə azadlığı fəalları azad edilənə qədər Azərbaycan nümayəndə heyətini AŞPA sessiyalarında səs vermək hüququndan müvəqqəti məhrum etməyə çağırırıq;

Avropa Birliyinin nümayəndələrini Avropa Birliyi ilə Azərbaycan arasında qarşıdan gələn insan hüquqları dialoqu zamanı Hüseynovun işi və digər oxşar işlər barədə narahatlıqlarını dilə gətirməyə çağırırıq;

YUNESKO-nun baş direktorunu prezident İlham Əliyevin həyat yoldaşı və bir müddət əvvəl vitse-prezident təyin olunmuş Mehriban Əliyevanı YUNESKO-nun fəxri səfiri statusundan məhrum etməyə və ya bu statusun saxlanmasını Mehmanın azad edilməsi və siyasi motivli məhkəmə işlərinə son verilməsi ilə şərtləndirməyə çağırırıq.

Previous Post

Azərbaycan məhkəməsi jurnalist Mehman Hüseynovu azad etmədi

Next Post

RATİ-nin bəyanatı: Ukrayna avtoritar ölkələrə ifadə azadlığının boğulmasında kömək etməməlidir

Start typing to see posts you are looking for.