EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏ TƏRKİBİNƏ ETİRAZI BAXILMAMIŞ SAXLANILDI

         Yanvarın 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun  sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru  Eynulla Fətullayev barəsində 06 iyul 2010-cu ildə Qaradağ rayon Məhkəməsində çıxarılmış hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi  keçirildi.

Prosesdə Eynulla Fətullayev  ilk olaraq məhkəmənin tərkibinə  etiraz etdi.  “Bakı Apellyasiya Məhkəməsinin mənim işimə baxan hazırkı  tərkibdən ibarət olan məhkəmə heyəti 5 noyabr 2010-cu il tarixdə mənim barəmdə  qanunsuz olaraq həbs qətimkan tədbiri seçib və  mənim fundamental hüquqlarımdan olan təqsirsizlik prezumpsiyasını pozublar. Bundan başqa Mirpaşa Hüseynov mənə və  jurnalistlərə qarşı aqressiya nümayiş etdirib, o məni 101 min dollar qarşılığında zaminə buraxmayıb, hətta polis nəzarəti altında olmaqla haqqımda ev dustaqlığı qərarını belə verməkdən imtina edib”,- deyə  Fətullayev vəsatətini əsalandırdı.

             Təxminən yarım saatlıq çəkən müşavirədən dönən hakim isə vəsatətin baxılmamış saxlanılması barədə qərarını elan etdi.

            Daha sonra prosesə yeni cəlb olunan Eynulla Fətullayevin vəkili Anar Qasımov cinayət işinin materialları ilə tanış olmaq üçün ona vaxt verilməsi barədə  vəsatət qaldırdı.

            Məhkəmə yerindəcə müşavirə edərək vəkilin cinayət işinin 7 cilddən ibarət materialları ilə tanış ola bilməsi üçün  prosesin 25 yanvar saat 15:00-a təyin edilməsi barədə qərar verdi.

     Xatırladaq ki E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə noyabrın 11-də bu qərarı qismən təmin etmək barədə qərar açıqlasa da, sonradan bu qərarın ümumiyyətlə dəyişdirilməsi bəlli olub. Dekabrın 28-də isə Ali Məhkəmə Fətullayev barəsində Apellyasiya Məhkəməsinin 05 noyabr 2010-cu il tarixli həbs qətimkan tədbirinin ləğv edilməsinə dair verilmiş şikayətinin təmin olunmamağına dair qərar verib.

Onu da qeyd edək ki, 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Hazırda məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

 AİP SƏDRİ BARƏSİNDƏ 3 AYLIQ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

 

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova qarşı yeni ittihamlar  irəli sürülərək, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə bu gün (21 yanvar)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) M. Səmədovun  vəkili  Anar Qasımov məlumat verib.

 Vəkil A. Qasımovun sözlərinə görə, M. Səmədova qarşı Cinayət Məcəlləsinin 214-cü maddəsi (Terrorçuluq), Cinayət Məcəlləsinin 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə iş qaldırılıb və Nəsimi rayon Məhkəməsi dünən partiya sədri barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Vəkil onu da bildirdi ki,  Nəsimi rayon Məhkəməsinin 20 yanvar 2011-ci il tarixli qərarından apellyasiya məhkəməsinə şikayət ərizəsi təqdim edəcək.

Xatırladaq ki, yanvarın 7-də Azərbaycan   İslam Partiyasının  sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov və partiya sədrinin sürücüsü Mirhüseyn Kazımov həbs ediliblər. Yanvarın 9-da «Məşədi Dadaş» məscidinin axundu Şahin Həsənli polis tərəfindən saxlanısa da sonradan azad edilib. Yanvarın 10-da Hövsan qəsəbə sakini Nurəddin Darafərin və Bülbülə qəsəbə sakini Babək Həsənov, İlahiyyatçı Zülfüqar Mikayılzadə, Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Mehdi Məmmədov, İslam Partiyası  sədrinin birinci müavini Elçin Manafov, İslam Partiyasının Mətbuat Xidmətinin rəhbəri Akif Heydərli və digərləri saxlanılıb.

Belə ki, yanvarın 2-də İslam Partiyası Baş Məclisinin iclasında partiya sədri Möhsün Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin tənqid edib, bunu Azərbaycan xalqına mənəvi zərbə kimi qiymətləndirib və xalqı iqtidara qarşı mübarizəyə səsləyib. Sözügedən videoçarx http://www.youtube.com/watch?v=9DQ7Sb7ZQvI&feature=player_embedded) sosial şəbəkələrdə yayılıb. İslam Partiyası sədrinin və onun tərəfdarlarının  məhz bu məsələyə görə həbs edilməsi istisna olunmur.

Qeyd edək ki, Azərbaycan İslam Partiyası 1991-ci ildə Bakının Nardaran kəndində yaradılıb. Partiya 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1995-ci ildə partiya sədri və müavini İrana casusluqda ittiham olunaraq həbs ediliblər. Partiyanın qeydiyyatı da Ali Məhkəmə tərəfindən ləğv edilib.

Partiyanın 2007-ci ildə keçirilən qurultayında 1993-cü ildə AİP-in Quba rayon komitəsinin rəhbəri olan Mövsüm Səmədov İslam Partiyasının sədri seçilib. Mövsüm Səmədov 1965-ci ildə Qubada doğulub. Tibb Universitetini bitirib. Rusiyada, Dağıstanda həkimlik edib. 1996-cı ildən İrana gedib, Qum şəhərindəki Ali İslam Univesitetini bitirib.

 

Previous Post

AİP SƏDRİ BARƏSİNDƏ 3 AYLIQ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

Next Post

JOURNALISTS INVITED TO 4-WEEK JOURNALISM TRAINING

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.