REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN ANALİZİ VƏ BƏYANATİ: AZTV-NİN TENDERDƏ QALİB GƏLMƏSİ QƏBULEDİLMƏZİDİR; AZTV GENİŞLƏNMƏMƏLİ, BAĞLANMALIDIR

28 iyul  2008-ci il
Bakı, Azərbaycan

İyulun 18-də Milli Televiziya və Radio Şurası (MTRŞ) “Azərbaycan Televiziya və Radio Verilişləri Redaksiyası”-nı  (AzTV-də adlandırılır) idman telekanlının açılması üçün elan edilmiş müsabiqənin qalibi olduğunu bəyan etmişdir.

Tender aprelin 21-də élan edilmiş və 3 şirkət namizədliyini irəli sürmüşdü: "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV Sport), "Lider" kanalı ("Olimp" TV) və "Rebrandinq" MMC (Sport Kanal Klub – SKC)
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) MTRŞ-nın bu qərarını qınayır və hesab edir ki, bu qərar yerli qanunvericiliyə və ölkənin beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə ziddir. Azərbaycan hakimiyyəti 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunarkən üzərinə götürdüyü öhdəliyə zidd olaraq AzTV-ni ləğv etmək əvəzinə onu genişləndirir.
10 iyul 2008-ci ildə RATİ-yə verdiyi açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirmişdi ki, AzTV-nin müsabiqədə iştirak etməsi tam qanunidir. “”Azərbaycan Televiziya və Radio Verilişləri” artıq iki ilə yaxındır ki, dövlət şirkətindən Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Belə olduğu halda AzTV-nin idman kanalını almasında heç bir problem yoxdur”, – deyə vurğulayan Məhərrəmli habelə əlavə etmişdi ki, yaxın gələcəkdə AzTV-nin səhmləri satışa çıxarılacaq. RATİ qeyd edir ki, Məhərrəmlinin bu açıqlaması onun keçən ilin iyununda söylədiyi fikirlərlə ziddiyyət təşkil edir. Regional telekanal olan “Lənkəran TV”-nin sahibi icra hakimiyyəti olduğu üçün MTRŞ 2007-ci ilin iyununda bu telekanalı bağlamışdı. Həmin vaxt Məhərrəmli bunun yolverilməz olduğunu söyləmiş və bu məsələ ilə bağlı “Exo” qəzetinə müsahibə vermişdi. Qəzet Məhərrəmlidən soruşmuşdu: “Siz deyirsiniz ki, Azərbaycanda dövlət telekanaklın sahibi ola bilməz. Buna baxmayaraq AzTV hakimiyyətin idarəçiliyi altındadır”. Bununla bağlı Məhərrəmli qeyd etmişdir ki, “Burada vəziyyət fərqlidir. Bildiyiniz kimi AzTV artıq dövlət kanalı deyil, o qapalı səhmdar cəmiyyət statusu almışdır. Bundan sonra qəzet bildirir ki, “Buna baxmayaraq, AzTV-nin səhmləri hakimiyyətə məxsusdur?”. Buna cavabında Məhərrəmli qeyd edir: “ Bəli, bu həqiqətdir. Bu ildən başlayaraq və bəlkə də növbəti illərdə səhmlərin 49 %-i satışa çıxarıla bilər”. RATİ qeyd edir ki, AzTV-nin iki il müddətinə Qapalı Səhmdar Cəmiyyət olmasına baxmayaraq səhmlərin hamısı dövlətə məxsusdur.Bundan əlavə RATİ qeyd edir ki, Cəmiyyətin sədri və hətta sədr müavinləri prezidentin sərəncamı ilə təyin olunurlar. AzTV-nin indiki sədri Arif Alışanov və onun müavini Vaqif Ağayev prezidentin 16 avqust 2006-cı il sərəncamı ilə bu vəzifələrə təyin olunublar. Bu amil də telekanalın dövlət telekanalı olmaması ilə bağlı səsləndirilən fikirlərə ziddir.
AzTV-nin statusu müxtəlif vaxtlarda mübahisəli məsələ olmuşdur. Avropa Şurası Azərbaycanın öhdəliklərindən biri kimi AzTV-nin ləğv edilməsinin olduğunu bildirib. 2004-cü ildə AzTV-2 telekanalının (2003-cü il president seçkilərindən sonra fəaliyyətini dayandırmışdı) əvəzinə İctimai televiziyanın yaradılması istiqamətində müzakirələr aparılarkən beynəlxalq ictimaiyyət həm AzTV 1, həm də AzTV 2-nin ictimai telekanala çevriləcəyinə ümid edirdi. Həmin vaxtda Avropa Şurası belə bir bəyanatla çıxış etmişdi: “Avropa Şurası Azərbaycan Dövlət Televiziyasının dəyişməsində Birinci (AzTV 1) və İkinci (AzTV 2) kanalların hər ikisinin cəlb olunmayaçağından narahatdır. Azərbaycanın üzərinə götürdüyü öhdəliklər prosesdə hər iki kanalın iştirakını nəzərdə tutur”.  Təəssüf ki, indiyə qədər bu öhdəlik yerinə yetirilməyib. AzTV-yə idman telekanalı açmaq icazəsini verən qərar qəbul etməklə yenidən iki dövlət telekanalı yarandı və Azərbaycan geriyə doğru iri addım atmış oldu.
Həm AzTV, həm də İTV dövlət büdcəsindən maliyyələşir, lakin İTV Azərbaycan cəmiyyətində mövqelərin geniş spektrini əhatə edəcək proqramlaerın yaradılması üçün öhdəlik götürdüyü halda AzTV-nin bu cür öhdəliyi yoxdur. Reallıqda AzTV siyasi manipulyasiya aləti kimi istifadə olunur. Saysız monitorinqlər göstərir ki, AzTV-nin efiri yalnız hakim partiya və mövcud iqtidarı əhatə edir. Avropa Şurası və Avropa Komissiyası tərəfindən maliyyələşən və hal-hazırda həyata keçirilən monitorinqin ilkin nəticələrinə görə, AzTV-nin efir vaxtının 86%-I prezidenti və hakim partiyanı əhatə edir. Bundan əlavə, Azərbaycanın Seçki Məcəlləsinə edilən yeni dəyişikliyə əsaən, artıq AzTV namizədlərə pulsuz efir vaxtı verməyəcək. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bu dəyişikliyə münasibət bildirərkən demişdir: “Təklif olunur ki, seçki təbliğatı, seçki kampaniyası yalnız İctimai Televiziyada keçirilsin. Dövlət televiziyası isə bu seçki təbliğatından kənar olsun. Beləliklə dövlət televiziyasında prezident namizədlərinə yer ayrılmayacaq, yalnız rəsmi xəbərlər veriləcək. Bu isə o deməkdir, indiki prezidentin namizədliyi irəli sürülsə deməli o gündəlik olaraq dövlət televiziyasında olacaq, ancaq digər namizədlərin dövlət televiziyasına çıxmaq imkanı olmayacaq. Bu dəyişikliyi biz belə başa düşürük".
Maliyyə baxımından da AzTV və İTV-nin dövlət tərəfindən maliyyələşdirilməsində böyük bərabərsizlik var. 2008-ci ildə AzTV 22 083 041,0 AZN, İTV 10 032 000,0 AZN, 2007-ci ildə AzTV 21 653 397,0 AZN, İTV  7 524 000,0 AZN, 2006-cı ildə isə AzTV 14 113 224,0 AZN, İTV 11 000 000,0 AZN almışdır. Təkcə bu fakt tenderlə bağlı məsələ ətrafında ədalətsiz vəziyyət yaradır və bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinin tam şəkildə pozulmasıdır. "Televiziya və Radio Yayımı" haqqında Qanunun 15.5-ci maddəsinə əsasən xüsusi razılıq (lisenziya) üçün müsabiqə keçirilərkən aşağıdakılar nəzərə alınır: 1. iddiaçının göstəricilərinin müsabiqə şərtlərinə uyğunluğu; 2. teleradio yayımını həyata keçirmək üçün iddiaçının yaradıcılıq və texniki imkanları; 3. açıq dinləmələrin və digər müsabiqə prosedurlarının nəticələri. Aydındır ki, AzTV öz milyonları ilə, xüsusən də “texniki imkanları” baxımından tenderdə üstünlüyə malik olmuşdur. Həmçinin təsəvvür etmək çətindir ki, dövlət orqanı olan MTRŞ tender zamanı “dövlət yayımçısı” ilə digər namizədlər arasında seçim edərkən ədalətli qərar çıxara bilər.
RATİ AzTV-nin yayım mediasındakı reklam bazarına da neqativ təsir göstərdiyini qeyd etmək istəyir.  Başqa ölkələrdə ictimai telekanalların yalnız ictimai fondlardan gəlir əldə etdiyi halda, AzTV həm maliyyə alır, həm də reklamdan gəlir əldə edir. Ölkə iqtisadiyyatı hakimiyyətə yaxın olan insanların inhisarçılığında olduğundan AzTV ölkədə fəaliyyət göstərən telekanallardan (həm özəl, həm ictimai) ən çox gəlir əldə edən telekanaldır. AzTV-də reklamların yerləşdirilməsi siyasi loyallığın göstəricisidir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq RATİ Azərbaycan hakimiyyətini, xüsusən MTRŞ-nı müsabiqənin nəticələrini ləğv etməyə və yeni tender elan etməyə çağırır. Bundan əlavə, RATİ AzTV-nin yarımçıq və qeyri-şəffaf özəlləşdirilməsi (son 10 il ərzində Azərbaycanda özəlləşdirmə prosesi zamanı hakimiyyət özəlləşdirilən əmlakları özünə yaxın biznes strukturlarına ucuz qiymətə satmışdır) əvəzinə, AzTV-nin tezliyində və texniki bazasında ikinci ictimai televiziyanın yaradılmasını tələb edir.
RATİ yerli və beynəlxalq ictimaiyyəti hakimiyyətə və MTRŞ-yə oxşar müraciətlər etməyə və Azərbaycanın nəinki öz öhdəliklərinə əməl etmədyi, hətta müəyyən inkişafın olduğu sahələrdə geriləmələrin olduğu vəziyyətdə zəruri sanksiyalar tətbiq etməyə çağırır.
Previous Post

ELAN

Next Post

Intihara Ceht Eden Qiz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.