
Qeyd edək ki, “Xural” qəzeti 2002-ci il oktyabr ayından həftəlik, 2011-ci il sentyabrın 20-dən gündəlik dərc olunur. ”Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının verdiyi məlumata görə, dostların istifadə üçün verdikləri avadanlıqlarla qəzet gündəlik olaraq dərc olunmağa başlamışdı. Praktik olaraq müsadirə olunan mülkün çox az hissəsi “Xural” qəzetinə məxsus olub. Habelə məhkəmə icraçıları “Xural” qəzetinin redaksiyası ilə eyni binada yerləşən “liberal.az” saytının bir otaqlı ofisindəki əmlakın da “Xural” qəzetinə aid olduğunu ehtimal etdiklərini deyərək müsadirə ediblər.
RATİ qeyd edir ki, məhkəmə icraçıları mülkün müsadirə olunmağı üçün cavabdehə qərardan şikayət verməyə də imkan verilməyib. Qərardan 10 gün müddətinə şikayət vermək hüququ tanınsa da Nərimanov rayonunun məhkəmə icraçıları qanunsuz olaraq, məhkəmə qərarını dərhal və iş saatı bitdikdən sonra icra ediblər.
RATİ hesab edir ki, baş verənlər müstəqil bir qəzetin susdurulması üçün həyata keçirilmiş aktdır və bunun məsuliyyəti birbaşa Azərbaycan hökumətinin rəhbərliyi daşıyır.
Cəmi bir ay müddətində gündəlik dərc olunmağına baxmayaraq “Xural” qəzeti Azərbaycan cəmiyyətində ciddi populyarlıq qazanıb və qəzet sərt tənqidi mövqeyi ilə seçilir. RATİ qəzetin susdurulması üçün bu qəti addımın da məhz son aydakı daha geniş fəaliyyəti və xüsusilə prezident İlham Əliyevin 2011-ci il oktyabrın 11-də “Əl-Cəzirə”yə verdiyi müsahibəsindəki fikirlərin tənqid olunmağı ilə əlaqəli olmağını istisna etmir. Bu səbəbdən də RATİ Azərbaycan hakimiyyətini və dövlətin rəhbərliyini azad mətbuata dözümlü olmağa, “Xural” qəzetinə qarşı qurama ittihamlardan vaz keçməyə və qəzet redaksiyasından aparılmış mülkün qısa müddətdə geri qaytarılmağını tələb edir.