REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Quba hadisələrinə görə həbs edilmiş "Xəyal TV"-nin baş redaktoru Zaur Quliyev və televiziyanın icraçı direktoru Vüqar Qonaqovin hüquq mühafizə orqanları tərəfindən işgəncə və təzyiqlərə məruz qalmasını və müqavilə bağladıqları vəkillə görüşdən məhrum edilməsini qətiyyətlə pisləyir, bunu hüquq-mühafizə orqanlarının özbaşınalığı kimi qiymətləndirir.

Belə ki, vəkil Elçin Sadıqov işgəncə faktlarının araşdırılması üçün ölkə başçısı İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Ombudsman Elmira Süleymanovaya və digər aidiyyatı qurumların rəhbərlərinə şikayət ərizəsi ilə müraciət edib. O, şikayət ərizəsində , müdafiə etdiyi şəxslə qeyri-insani rəftar olunmasını araşdıraraq barələrində qanuni tədbir görülməsini və vəkil kimi qanuni fəaliyyətinə müdaxilə edən şəxslərin vazifə səlahiyyətlərindən sui istifadə etmələrinə görə barələrindən qanuni tədbir görülməsini istəyib. Vəkil Elçin Sadıqov 07 aprel 2012-ci il Zaur Quliyevlə görüşüb. Jurnalist vəkillə söhbətdə bildirib ki, martın 13-də Quba Rayon Prokurorluğuna aparılan zaman orada psixoloji təzyiqlərlə üzləşiblər.  Daha sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılan zaman da işgəncələrə məruz qaldığını, səhhətində problemlər olmasına baxmayaraq ona tibbi yardım göstərilmədiyini, anti-sanitar şəraitdə saxlanıldığını, fiziki zərbələr aldığını bildirib. O, dövlət hesabına təyin edilən vəkilin  onu nəinki müdafiə etmədiyini, hətta müstəntiqlərin tərəfini tutaraq, istintaq nümayəndəsi kimi davrandığını deyib. Vəkil Elçin Sadıqov Zaur Quliyevin təcili müalicə alması üçün müvafiq qurumlara müraciət etsə də, 14 aprel 2012-ci il tarixdə Bakı İstintaq Təcridxanasında yenidən Zaur Quliyevlə görüşdə məlum olub ki, jurnalistə tibbi yardım göstərilməmiş, müraciətləri icra edilməmişdi. Bu müraciətlərin nəticəsi olaraq isə 23 aprel 2012-ci il tarixdə Elçin Sadıqova İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən müdafiəsi altında olan Zaur Quliyev və Vüqar Qonaqovla görüşmək hüququndan məhrum edilib. RATİ həmçinin yada salır ki, Vüqar Qonaqovun mart ayında müqavilə bağladığı vəkili Elçin Sadıqovdan imtina etməsi onun bu addımı təyiq altında atması ehtimalını yaradırdı. Ancaq yuxarıda qeyd olunanlardan aydın olur ki, əslində vəkildən imtina da işgəncə faktının nəticəsidir və dövlət tərəfindən təyin olunmuş vəkillər onların hüquqlarını müdafiə etmək yox, istintaqa xidmət etməklə məşğuldurlar.
Baş prokurorluğun dünən (25 aprel) yaydığı məlumatda isə qeyd olunur ki Zaur Quliyevə ibtidai araşdırma zamanı işgəncələr verilməsi barədə mətbuatda  məlumatlar əsassızdır və həqiqətə uyğun deyil. Məlumatda həmçinin işgəncə və digər faktlarla bağlı prokurorluğa müraciəti daxil olmadığı da vurğulanır. Vəkil Elçin Sadıqovun müraciətini araşdırmadan, faktları dəqiqləşdirmədən yayılan bu məlumat bir daha göstərir ki, hüquq mühafizə orqanlarının özbaşınalığı davam edir.
RATİ Azərbaycan hüquq-mühafizə orqanlarını jurnalistlərə qarşı işgəncə faktlarını araşdırmağa,  günahkarları cəzalandırmağa və qondarma ittihamlara son qoyaraq onları dərhal azad etməyə çağırır.
RATİ həmçinin İnsan haqları üzrə müvəkkili (Ombudsman) bu məsələyə laqeyd qalmamağa və jurnalistlərə təzyiq faktları ilə bağlı araşdırma aparmağa çağırır. Belə ki, Ombudsman aparatı bir müddət əvvəl adıçəkilən jurnalistlərlə görüş keçirildiyi və onların şikayətlərinin olmadığı barədə məlumat yaymışdı. RATİ Ombudsman aparatını yenidən jurnalistlərlə görüşərək, məsələləri hərtərəfli araşdırmağa çağırır.
RATİ beynəlxalq təşkilatları Azərbaycanda jurnalistlərə qarşı təzyiq və  işgəncə faktlarını diqqətlə izləməyə və Azəbaycan Respublikasının rəhbərliyini qoşulduğu İşgəncələr Əleyhinə Beynəlxalq Konvensiyaya əməl etməsinə çağırışlara səsləyir.

Previous Post

DAK GÜNEY AZƏRBAYCAN PROBLEMİNİ PRİORİTET SAYIR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.