
Ayrı-ayı seçki komissiyalarında səsvermənin nəticələrini müşahidə edən “Azadlıq”, “Yeni Müsavat” və “Ayna-Zerkalo” qəzetləri, “Azadlıq” radiosu, RATİ, “Turan” İnformasiya Agentliyinin və digər Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları ciddi təzyiqlərlə üzləşiblər. Jurnalistlərə bir çox halda çəkiliş aparmağa imkan verilməyib. Bəzi məntəqələrindən müşahidə aparan jurnalistlər polis vasitəsi ilə zorla seçki məntəqəsindən uzaqlaşdırılıblar . Bir necə halda jurnalist müşahidəçiləri polis vasitəsi ilə məhkəməyə aparılaraq orada 3 saatdan artıq qanunsuz olaraq saxlanılmasına, o cümlədən 31-ci Suraxanı seçki dairəsində RATİ-nin müşahidəçisi Nizami Cəfərov heç bir əsas olmadan 5 saatadək məhkəmədə saxlanıldıqdan sonra onun müşahidəçi statusunun ləğv olunması ilə bağlı qərar verilmişdir.
RATİ bu faktları qeyd edərək xatırladır ki, 2005-ci il parlament seçkilərindən fərqli olaraq bu il keçirilən parlament seçkiləri zamanı səsvermə prosesi barədə vizual (video və foto ) qeydlərin aparılmasına ciddi-cəhdlə maneçiliklər törədilib. Habelə Mərkəzi Seçki Komissiyasının 500 seçki məntəqəsində veb kameralar vasitəsi ilə seçkilərin izlənilməsi barədə verdiyi açıqlama da həqiqətə uyğun olmayıb. RATİ-nin araşdırması zamanı bu xidmətdən istifadə edərək seçkilərin müşahidəsini həyata keçirmək mümkün olmayıb.
Yuxarıda sadalanan faktları qeyd edən RATİ baş verənlərlə bağlı “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Məlumat əldə edilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının kobud şəkildə pozulduğunu bildirir.
RATİ hesab edir ki, bir qayda olaraq seçki prosesini izləmək istəyən jurnalistlərə süni maneçiliklərin törədilməsi seçkiləri şəffaf və ədalətli olmadığı göstərir.
RATİ Azərbaycan hökumətini baş vermiş qanun pozuntularının aradan qaldırmağa, KİV nümayəndələri və digər müşahidəçilərə qarşı qanunsuzluq etmiş şəxsləri isə cəzalandırmağa çağırır.