REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

dekabr 7th, 2010
RATİ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 noyabrda Eynulla Fətullayev barədə çıxardığı qərarı və bu qərarın da sonradan dəyişdirilməsini qəti surətdə pisləyir.

Ali Məhkəmə Avropa Məhkəməsinin Fətullayevin dərhal azadlığa buraxılması haqqında qərarını icra etmək əvəzinə Fətullayevə vergidən yayınma ilə bağlı verilmiş cəzanın (bu qərar 2007-ci ildə məhkəmə tərəfindən böhtan, terrorla hədələmə, milli və dini ədavətin salınması ittihamalrı ilə yanaşı çıxarılıb) 2 aydan 2 il 3 aya qədər artırılması barədə qeyri-qanuni qərar verdiyini açıqlamışdı. Lakin bu günlərdə Fətullayevə və vəkillərinə təqdim edilən qərarda cəza müddətinin fərqli şəkildə artırıldığı müəyyən edilmişdir. Belə ki, Fətullayev 2007-ci ildə həbs edilməmişdən əvvəl Daxili İşlər Naziri Ramil Usubov ona qarşı diffamasiya ittihamı ilə ittiham irəli sürmüşdü. Bu iddia əsasında Yasamal rayon Məhkəməsi Fətullayevin şərti olaraq 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarmışdı. Fətullayev 2007-ci ildə azadlıqdan məhrum edilərkən bu şərti cəza məhkəmə qərarı ilə 1 aylıq real cəzaya çevrilib və digər cəzalara birləşdirilib.  Ali Məhkəmənin Plenumu isə noyabrın 11-də çıxardığı qərarda 2 illik şərti cəzanı 2 illik real cəzaya çevirib.

 

RATİ hesab edir ki, Ali Məhkəmənin bu cür qərar çıxarması Fətullayevin maksimal dərəcədə həbsdə saxlanılması ilə bağlı siyasi qərarın olduğunu sübut edir. RATİ eyni zamanda hesab edir ki, Ali Məhkəmənin Plenumu bu cür qanunsuzluğa yol verərək faktiki Avropa Məhkəməsinin qərarını icra etməkdən imtina edib.

 

RATİ Azərbaycan hakimiyyətindən Ali Məhkəmə Plenumunun bu qərarını dəyişdirmək üçün şərait yaratmağı və Fətullayevi dərhal azadlığa buraxmağı tələb edir.

 

RATİ Avropa Şurası Nazirlər Komitəsini və digər beynəlxalq təşkilatları Ali Məhkəmə Plenumunun bu cür qərarını qınamağa və Azərbaycan hakimiyyətindən Avropa Məhkəməsinin qərarını icra etməyi tələb etməyə çağırır.