Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bir il bundan əvvəl 12 saylı Cəzaçəkmə Müəssisində “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı həyata keçirilən narkotik təxribatı və bu təxribatın nəticəsi olaraq jurnalistin hələ də həbsdə saxlanılmağını qətiyyətlə pisləyir.
RATİ öncədən də narkotik ittihamının qurama və təxribat xarakterli olduğunu bəyan etmişdi. Çünki bu qurama ittiham Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il aprelin 22-də jurnalistin dərhal həbsdən azadlığa buraxılması və Azərbaycan dövlətinin ona 27 min 822 avro məbləğində təzminat ödəməsi qərarı ərəfəsində meydana çıxdı. Habelə Ali Məhkəmənin Plenumu 2010-cu il noyabrın 11-də Avropa Məhkəməsinin bu qərarını icraata yönəltməkdən aşkar boyun qaçıran qərar verməsi, 2010-cu il dekabrın 28-də isə Ali Məhkəmə Fətullayev barəsində Apellyasiya Məhkəməsinin 05 noyabr 2010-cu il tarixli həbs qətimkan tədbirinin ləğv edilməsinə dair verilmiş şikayətinin təmin olunmamağına dair qərar verməsi öncədən zənn edildiyi kimi narkotik ittihamının saxta olduğunu və bu addımın yalnız jurnalistin həbsdə saxlanılmasına hesablandığını sübut edir.
Eyni zamanda RATİ Fətullayevin vəkili Elçin Sadıqova jurnalistin müdafiəsindən əl çəkməsi tələbi ilə hökumətin təzyiqlərə başlamağını da qətiyyətlə pisləyir və bu addımı şəxsin müdafiə hüququna da kobud müdaxilə kimi qiymətləndirir və hakimiyyəti bu kimi çirkin əməllərdən çəkinməyə çağırır.
RATİ hesab edir ki, 2005-ci il mart ayının 2-də odlu silahla qətlə yetirilmiş “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsini araşdıran Eynulla Fətullayevə qarşı bu cür münasibətin göstərilməsi Elmar Hüseynovun qətlinin arxasında məhz hakimiyyətin durması ehtimallarını daha da gücləndirir.
RATİ Azərbaycan hakimiyyətini söz azadlığına başlanmış amansız müharibəni dayandırmağa çağırır, həbsdə olan, yerli və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınan, dərhal azad olunmağına dair Avropa İnsan Hüquqları məhkəməsinin qərar verdiyi Eynulla Fətullayevin dərhal azadlığa buraxılmağını tələb edir.