REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

        Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) aprelin 2-də müxalifət qüvvələri tərəfindən təşkil edilən etiraz aksiyası zamanı jurnalistlərin peşə fəaliyyətinə polis müdaxiləsini qəti surətdə pisləyir və bunu söz azadlığına olan basqı kimi qiymətləndirir. RATİ eyni zamanda hüquq müdafiəçisi Səbuhi Qafarovun da saxlanılaraq 2 saatdan artıq müvəqqəti saxlama təcridxanasında saxlanılmasını qınayır.

Belə ki, Fəvvarələr meydanında üzərilərində PRESS yazısı olan gödəkcə geyinmiş onlarla jurnalist, xüsusən Mehman Kərimov Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin göstərişi ilə kobudluqla ərazidən uzaqlaşdırılıb. Bundan əlavə RATİ-nin əməkdaşı Rasim Əliyev həbs edilən şəxslərin avtobusa yerləşdirilməsini və onların döyülməsini çəkərkən polis onun boğazından tutaraq yerə yıxıb, “Turan” İnformasiya Agentliyinin əməkdaşı Etimad Budaqov və “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanlı foto çəkiliş apararkən bir neçə dəfə mülki geyimli şəxslərin və polislərin təzyiqinə məruz qalıb. İnsan Hüquqları Klubunun (İHK) təsisçisi Səbuhi Qafarov isə Axundov kitabxanasının yaxınlığında baş verən prosesləri müşahidə edərkən polis əməkdaşları tərəfindən birbaşa olaraq Xətai rayonunda yerləşən müvəqqəti saxlama təcridxanasına aparılıb. Qafarov hüquq müdafiəçilərinin müdaxiləsindən sonra sərbəst buraxılıb.

 

RATİ hesab edir ki, polisin jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı bu cür münasibəti bir daha hakimiyyətin söz azadlığına və hüquq müdafiəçiliyinə dözümsüz yanaşdığını göstərir. Bu cür addım Azərbaycan Respublikasının yerli qanunvericiliyini pozur, eyni zamanda Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə tamamilə ziddir.

 

RATİ Azərbaycan hakimiyyətindən jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı qeyri-qanuni əməllərə yol vermiş şəxslərin cəzalandırılması üçün əməli addımlar atmağı tələb edir. RATİ eyni zamanda beynəlxalq ictimaiyyətə müraciət edərək Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə riayət etməsi üçün hakimiyyətə təzyiq göstərməyə çağırır.   

 

 

Previous Post

HƏFTƏ ƏRZİNDƏ ÇƏTİN SUALLARIMIZI CAVABLANDIRANLAR 02 04 2011

Next Post

İCTİMAİ PALATANIN 2 APREL MİTİNQİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.