REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN GƏNC FƏALIN HƏBSİ İLƏ BAĞLI BƏYANATI

          Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) gənc fəal, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının həbs edilməsindən narahatdır.

 Rəsmi məlumata əsasən, fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Cabbar Savalanlını saxlayıblar və idarəyə gətiriblər. İdarədə onun üzərinə baxış zamanı 0,74 qram tiryək aşkarlanaraq götürülüb. Dünən isə (07 fevral) Sumqayıt Şəhər Məhkəməsi tərəfindən  Savalanlı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

            RATİ bəyan edir ki, Savalanlı saxlanılarkən onun bir sıra prosessual hüquqları pozulub. O, vəkillə təmin olunmalı olduğu halda vəkillə təmin edilməyib. Faktiki olaraq onun üzərində axtarış və izahatın alınması vəkillərin iştirakı olmadan həyata keçirilib. Bundan əlavə polis tərəfindən icazə verilmədiyi üçün Savalanlının yaxınları tərəfindən tutulan vəkillər onunla yalnız saxlanmadan 2 gün  sonra, yəni fevralın 7-də görüşə biliblər.  

            Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən proses zamanı hüquq mühafizə orqanlarının mülki geyimli əməkdaşı Savalanlının anası ilə söhbətində Savalanlını narkoman adlandırmış və onun narkoman olduğuna görə həbs edildiyini iddia etmişdir. Bu isə Savalanlının təqsirsizlik prezumpsiyasının pozulması deməkdir, çünki Savalanlının təqsiri hələ sübut olunmayıb.

            RATİ hesab edir ki, Savalanlının həbsi onun siyasi mövqeyi və sosial şəbəkələrdə, xüsusilə “facebook”da hakimiyyəti tənqid etməsi ilə bağlıdır. Savalanlının “facebook”dakı profilinin kontent analizi göstərir ki, o yüksək vəzifəli məmurları, xüsusilə Prezident İlham Əliyevi tənqid edən və onu istefaya çağıran materialların yerləşdirilməsinə üstünlük verib.

RATİ xatırladır ki, hakimiyyəti ciddi şəkildə tənqid edən şəxslərə qarşı  əvvəllər də analoji saxta ittihamlar irəli sürülüb. “Azadlıq” qəzetinin əməkdaşı, satirik-jurnalist Mirzə Sakitə, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı narkotik saxlama ittihamları, gənc bloggerlər Emin Milli və Adnan Hacızadəyə qarşı isə xuliqanlıq ittihamı ilə cinayətlər işləri başlanılmışdı və onlar həbs edilmişdilər.

RATİ Azərbaycan hakimiyyətini onu tənqid edən şəxslərə qarşı təqiblərə son qoymağa çağırır. RATİ eyni zamanda beynəlxalq ictimaiyyəti bu məsələni gündəmdə saxlamağa və Azərbaycan hakimiyyətindən saxta ittihamlarla tənqidi səslərin boğulmasına son qoymağı tələb etməyə çağırır.  

 

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.