“AZƏRBAYCANDA YAYIM AZADLIĞI: İSLAHATLARIN ZƏRURİLİYİ” ADLI BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

Bu gün (24 fevral) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)  o cümlədən Media Hüququ İnstitutu tərəfindən həyata keçirilən “Azad dalğalar” layihəsi çərçivəsində “Azərbaycanda yayım azadlığı: islahatların zəruriliyi” adlı beynəlxalq konfrans keçirilib.

Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rolan Kobia qeyd edib ki, demokratiya və ifadə azadlığı məsələləri fundamental dəyərlərdir və Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin əsasını təşkil edir. “Avropa Birliyi heç vaxt hökumətlərin öz üzərilərinə götürdükləri öhdəliklərdən artıq heç nə  tələb etmir. Biz həmçinin ona da çalışırıq ki, Azərbaycanda “Diffamasiya haqqında” qanun qəbul edilsin və  jurnalistlər öz fikirlərini  azad ifadə edə bilsinlər” – deyə Kobia əlavə edib.

            ATƏT- in Bakı Ofisinin nümayəndəsi Jaklin Karpenter bildirdi ki, təkcə ifadə yox, yayım azadlığı da mühüm məsələlərdən biridir. “İnternet olmasa televiziya Azərbaycan üçün vacib media olaraq qalır.  Biz media monitorinqinin  aparılmasının tərəfdarıyıq və  Azərbaycana 7 noyabr Parlament seçkilərindən əvvəl də media monitorinqinin aparılması üçün qeyri-hökumət təşkilatlarına resurs ayıraraq dəstək vermişik. Bu layihələr nəticəsində televiziyada baş verən neqativ hallar üzə çıxarılıb ” – deyə Karpenter qeyd edib.

            RATİ sədri Emin Hüseynov isə çıxışında  bildirdi ki , layihə 22 aylıq müddət ərzində həyata keçirilib və  bu layihələnin əsas donoru Avropa Komissiyası olsa da, layihənin növbəti mərhələlərində ATƏT-in Bakı Ofisi, ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu, Avropa Şurası, German Marşal Fondu maliyyə dəstəyi veriblər.

         Açılış çıxışlarından sonra konfrans çərçivəsində nəzərdə tutulan panellərə start verildi.   İlk panel İREX-Azərbaycan təşkilatının layihə rəhbəri Angela Nicoazanın moderatorluğu ilə keçirildi.

 Paneldə İREX-Azərbaycan təşkilatının eksperti Ələsgər Məmmədli son iki ildə teleradio yayımı üzrə lisenziyalaşdırma üzrə problemlər barədə tədbir iştirakçılarına məlumat verib. “Azərbaycanda bir yayımçıya 2 televiziya və 3 radio yayımından artıq yayımın verilməsi qanunsuzdur. Lakin Milli Televiziya və  Radio Şurası son iki ildə AzTV-yə İdman Azərbaycan və  Mədəniyyət kanallarının lisenziyasını verib.  Bütün bunlar  dövlətin teleradio yayımı sahəsində inhisarçı nəzarətinin nəticəsidir. Bundan başqa Naxçıvanda  3 televiziya və 2 radio yayımçısı Milli Televiziya və Radio Şurasından lisenziya almayıb.  Eyni zamanda BBC, Amerikanın Səsi və Azadlıq radioları yerli tezliklərdən çıxarılması  ifadə azadlığına edilmiş təzyiqlərdən biridir” – deyə Ələsgər Məmmədli qeyd edib.

            Daha sonra Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı çıxış edərək, teleradio sahəsi üzrə qanunvericiliyin son vəziyyəti, problemlər və çıxış yolları barədə məlumat verib. “ RATİ-nin apardığı bu monitorinqin nəticələri, siyasi sənədin hazırlanması  bizim üçün əsas oldu.  Azərbaycanda teleradio sahəsini Milli Televiziya və  Radio Şurası tənzimləməlidir və  Şuranın üzvlərini də  Prezident təyin edir.  Lakin Şuranın bütün iclasları qapalı keçirilir.  Hesab edirəm ki, Şuranın strukturu, seçilməsi, səlahiyyətləri kimi məsələləri həll edən qanun qəbul edilməlidir. Lisenziya məsələsinə gəldikdə isə Şura tərəfindən son müsabiqə qanunsuz olaraq keçirilib”, – deyə  Rəşid Hacılı əlavə edib.

            Azərbaycan telekanallarının monitorinqinin nəticələri barədə RATİ-nin əməkdaşı Rəsul Cəfərov məlumat verib. “18 ay ərzində 8 telekanalın praym-taym ( saat 18.00-24.00-dək) vaxtında efirə verilən bütün verilişlərinin monitorinqi aparılıb.  Telekanallarda siyasi subyektlər arasında Prezident, hökumət nümayəndələri və  Yeni Azərbaycan Partiyası daha çox və pozitiv tərzdə işıqlandırılıb. İTV və  ANS-i nəzərə almasaq, digər telekanallarda debatların, müzakirə xarakterli verilişlərin yayımlanmasına rast gəlinməyib. Hətta seçki dövründə belə debatlar telekanalların əksəriyyətində yayımlanmayıb. Siyasi müxtəliflik telekanallarda çox aşağıdır. Acınacaqlı fakt odur ki, vergi ödəyicilərinin hesabına formalaşan AzTV və  İdman Azərbaycan telekanallarında siyasi müxtəliflik yox dərəcəsindədir, daha çox hakim qüvvələr, dövlət qurumları pozitiv şəkildə işıqlandırılıb” – deyə Cəfərov əlavə edib.

            Növbəti panel Media Monitorinq İnstitutunun nümayəndəsi Samir İsmayılovun moderatorluğu ilə baş tutdu. Paneldə telekanallarda yayımlanan xəbər proqramlarının xüsusiyyətləri barədə MEMO 98 təşkilatının nümayəndəsi İvan Qodarski çıxış edib. “Televiziya hələ də ən böyük məlumat mənbəyidir.  Dövlət kanalları insanların verdiyi vergilər, özəl telekanallar isə bazardan asılı olurlar. Buna görə də dövlət yayımçıları daha çox məsuliyyət daşıyırlar. İfadə azadlığı heç bir yolla məhdudlaşdırılmamalı və  dövlət senzurası olmamalıdır. Dövlət televiziyaları cəmiyyətin bütün təbəqəsini əhatə etməli və  bütün fikirləri, hətta müxalif insanların da fikirlərini çatdırmalıdır. Azərbaycan televiziyasında hakim qüvvələrin və  dövlət qurumlarının daha çox pozitiv şəkildə işıqlandırılması beynəlxalq standartlara uyğun deyil, başqa ölkələrdə hakim qüvvələr daha çox neytral şəkildə işıqlandırılır. Bununla yanaşı yayımçılarda mövzular əsasən siyasi yox sosial əhəmiyyətli məsələlərə yönəlməlidir. Jurnalistlər də etibarlılıq yaratmaq üçün müxtəlif mənbələrdən istifadə etməlidir ” – deyə Godarski öz çıxışında vurğulayıb.

           Daha sonra tədbirdə iştirak edən digər beynəlxalq ekspert, Belarusda fəaliyyət göstərən Belsat TV-nin Minsk ofisinin rəhbəri Mixal  Yançuk  müstəqil televiziyasının yaradılması barədə öz təsəvvürlərini tədbir iştirakçıları ilə bölüşüb. “Avtoritar bir ölkədə bir müstəqil kanalı, yəni Belsat TV-ni yaradarkən onun uzunmüddətli olacağı barədə bizdə şübhələr var idi. Lakin artıq üç ildir ki, Belsat TV müstəqil olaraq fəaliyyət göstərir. Belarusda hökumət bizi yalnız maddi tərəfdən sıxır. Sizin ölkədəki kimi bizdə jurnalistləri həbs etmirlər. Bizim televiziyaya Polşanın Xarici İşlər Nazirliyi, Polşa İctimai Televiziyası, Britaniya və digər səfirliklər maliyyə dəstəyi göstərirlər. Bizim hazırda 400 min mütəmadi tamaşaçımız var. Biz dünyada və Belarusda baş verən hadisələri heç bir senzuraya uğramadan tamaşaçılara təqdim edirik ”,  – deyə Yançuk qeyd edib.

            Panel üzrə sonuncu məruzəçi RATİ sədri Emin Hüseynov isə öz çıxışında Azərbaycanda teleradio yayımının inkişaf etdirilməsi üçün zəruri olan təklifləri səsləndirib.

“Hökumətin siyasi iradəsi olarsa, teleradio yayımı sahəsində qanunun aliliyi təmin edilməlidir. Hesab edirik ki, bu gün hökumət  3 televiziya yayımçısı olan AzTV–nin fəaliyyətini dayandırıb onun yerində daha 3 ictimai televiziya yarada bilər. İndiki halda bəzi qəzetlər, online televiziyalar öz  xəbərlərini sosial şəbəkələrdə yayımlayırlar.  Bizim də 7 ay əvvəl yaratdığımız online fəaliyyət göstərən Obyektiv TV  var. Hesab edirəm ki, vətəndaş cəmiyyəti nümayəndələri bu fəaliyyətlərini daha da genişləndirməlidirlər. Hətta peyk yayımı ilə bağlı ciddi fəaliyyətə keçmək olar.  İndiki zamanda beynəlxalq donorlar öz fəaliyyətlərini yenidən nəzərdən keçirməli və  yeni media qurumlarına dəstək verməlidirlər. bundan başqa hökumətə yerüstü yayımla bağlı müraciət edəcəyik və bu istiqamətdə bir neçə ildən sonra olsa belə hansısa nailiyyət əldə edə bilərik” – deyə Hüseynov əlavə edib.

           Konfransın “Azadlıq” qəzetinin əməkdaşı Rövşən Hacıbəylinin moderatorluğu ilə keçirilən son panelində “Azad dalğalar” layihəsinin davamlılığı və əhəmiyyəti məsələsinə toxunuldu. RATİ əməkdaşı İdrak Abbasov bu tip monitorinqin hazırda Naxçıvan MR-nın KİV-ləri üzrə aparıldığını diqqətə çatdırıb və o könüllü əsaslarla olsa da dövlət büdcəsindən maliyyələşən AzTV və İctimai Televiziyanın mart ayından başlayaraq yenidən monitorinqinin davam etdiriləcəyini qeyd edib.

Naxçıvanda aparılan monitorinqin xüsusiyyətləri, əldə edilən nəticələr və görüləcək işlər barədə RATİ-nin Naxçıvan üzrə əməkdaşı Elman Abbasov məlumat verib. Media Hüququ İnstitutunun nümayəndəsi Xalid Ağaliyev isə layihə çərçivəsində qaldırılan məhkəmə iddiaları və onların əhəmiyyəti danışıb, hazırda 10-a qədər məhkəmə işinin davam etdiyini və bu işlərin Avropa Məhkəməsinə qədər aparılacağını vurğulayıb.   

            Bütün telekanallara, müvafiq dövlət qurumlarına, bir sıra deputatlara rəsmi dəvətnamələr göndərilsə də, telekanallardan tədbirə yalnız İctimai Televiziyanın, dövlət qurumlarından isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, eyni zamanda millət vəkili Qüdrət Həsənquliyev qatılmışdı.

Tədbirdə iştirak edən ekspertlərin, siyasilərin, QHT nümayəndələrinin iştirakı ilə həm  edilən çıxışlar, həm də ümumi məsələlər ətrafında müzakirələr aparılmışdır.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNƏ ADININ “QARA SİYAHIDA” OLDUĞU BİLDİRİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.