“ATƏT REGİONUNDA JURNALİSTLƏRİN TƏHLÜKƏSİZLİYİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

“ATƏT-in üzv-dövlətləri jurnalistlərin təhlükəsizliyini təmin etmək öhdəliyi daşıyırlar. Jurnalistlər qorxusuz, şəxsi və peşə təhlükəsizliyi şəraitində fəaliyyət göstərdikdə onlar insanlara zəruri məlumatlar çatdırmış olurlar.

Jurnalistlər demokratiyanın və azadlığın təmsilçilərinə çevrilirlər”. Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın Xarici İşlər naziri Audronius Ajubalis 7-8 iyun 2011-ci il tarixində Vilnüs şəhərində keçirilən konfransda  çıxışında deyib. Qətlə yetirilən jurnalistlərin bəzilərinin adlarını çəkən Ajubalis 2005-ci ildə Azərbaycanda qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun da adını vurğulayıb. ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviç son beş ildə 30-dan artıq jurnalistin qətlə yetirildiyini və jurnalistləri qorxutmaq üçün təkcə bu vasitədən deyil, digər vasitələrdən də istifadə edildiyini qeyd edib.
    
Azərbaycandan tədbirə qatılan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov məruzə ilə çıxış edib. O son illər ərzində Azərbaycanda jurnalistlərə qarşı müxtəlif təxribatların istifadə edildiyini və nəticədə onların həbsə atıldığını, eyni zamanda jurnalistlərin gözdən salınma kampaniyalarına məruz qaldığını qeyd edib. Emin Hüseynov xüsusilə Mirzə Sakit, Eynulla Fətullayev, Aqil Xəlilin işlərinə toxunaraq rəhbəri olduğu təşkilatın bu hadisələr zamanı fəaliyyəti barədə məlumat verib.
    
Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndəsi Vüqar Əliyev isə məruzədə qeyd edilən konkret faktlara toxunmadan Azərbaycanda söz azadlığının təmin edildiyini, onlarla müxalifət qəzetlərinin olduğunu, bu qəzetlərdə məmurların, hətta Prezidentin tənqid və təhqir edildiyini bildirib. Əliyev RATİ-nin də hakimiyyəti sərbəst şəkildə tənqid etdiyini və heç bir təzyiqə məruz qalmadığını deyib.  
    
 Qeyd edək ki, konfrans ATƏT regionunda jurnalistlərin təhlükəsizlik məsələlərinə həsr edilmişdi. Tədbirdə üzv-ölkələrin dövlət qurumlarının nümayəndələri, QHT təmsilçiləri, jurnalistlər, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirdi. Konfrans zamanı müxtəlif ölkələrdəki vəziyyət, bu sahədə mövcud olan problemlər və konkret neqativ hallar ətrafında müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Konfransın yekunu olaraq ATƏT-in üzv-dövlətlərinə yönəlmiş tövsiyələrdən ibarət sənəd qəbul edilib.     

Azərbaycandan tədbirə Emin Hüseynov və Vüqar Əliyevlə yanaşı, Media Hüququ İnstitutunun sədri Rəşid Hacılı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov, ATƏT-in Bakı ofisinin əməkdaşı Vüsal Behbudov da qatılmışdı.       

Previous Post

AZƏRBAYCANDA UŞAQLARIN DURUMUYLA BAĞLI ALTERNATİV HESABATIN İCTİMAİ MÜZAKİRƏSİ

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.