BEYNƏLXALQ TƏŞKİLATLAR EYNULLA FƏTULLAYEVLƏ BAĞLI BƏYANAT VERİBLƏR

Beynəlxalq “Human Rights Watch” insan haqları təşkilatı dünən (22 aprel) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barədə Avropa Məhkəməsinin çıxardığı qərarla bağlı bəyanat yayıb.

“Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hakimiyyətinin bir jurnalistin söz azadlığını pozması qənaətinə gəlib. Bu qərar Eynullaya qarşı dəhşətli yanlış mühakiməyə son qoymalıdır. Azərbaycan hakimiyyəti onu azad etməlidir» deyə Human Rights Watch-un Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Qoqia bəyanatda qeyd edib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Mijatoviç da Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Məhkəməsinin qərarına riayət edərək, Fətullayevi həbsdən azad etməyə çağırıb.  “Eynulla Fətullayevin işinə media azadlığı və ədalətli mühakimə hüququ baxımından yanaşılmasının tərəfdarı olmuşuq. Avropa İnsan Haqları Məhkəməsinin həbs edilmiş jurnalistin xeyrinə qərar çıxarmasının yalnız bir nəticəsi ola bilər – dərhal azadlığa buraxılmaq” – deyə bəyanatda bildirilir.

Sərhədsiz Reportyorlar Təşkilatı Avropa Məhkəməsinin Azərbaycan hökumətini “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevi azadlığa buraxmağa səsləyən qərarını alqışlayıb.  
“Sərhədsiz Reportyorlar Azərbaycan hökumətini bu qərara dərhal riayət etməyə səsləyir. Fətullayev dərhal buraxılmalı və ona qarşı həllini gözləyən digər ittihamlar ləğv olunmalıdır,” deyə bəyanatda bildirilir.

Amnesty International təşkilatı da Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarından sonra Azərbaycan hökumətini jurnalisti azad etməyə çağırıb.
“Azərbaycan bu fürsətdən istifadə edərək, fərqli fikir sahiblərini susdurmaq və hökuməti tənqid edənləri həbs etmək kimi reputasiyaya son qoymaq üçün istək nümayiş etdirməlidir” – deyə Amnesty İnternational təşkilatının Azərbaycan üzrə tədqiqatçısı Natalia Nozadze bildirmişdir.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərar verib. Dünən açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

“AZADLIQ” QƏZETİNDƏN ÜZR İSTƏMƏK VƏ TƏKZİB VERMƏK TƏLƏB OLUNUR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.