Bəyanat: Azərbaycanda İnternet Azadlığı Məhdudlaşdırılır

Logo_300x_dark - Copy

Onlayn İfadə Təşəbbüsü (OİT) Koalisiyası tanınmış blogger Emin Millinin və digər vətəndaş cəmiyyəti fəallarının Facebook sosial şəbəkəsindən istifadə etməklə dinc etiraz aksiyasına dəvət çağırışlarının yayılmasına görə Azərbaycan hökuməti tərəfindən inzibati həbs və  yüksək məbləğli cərimələrlə cəzalandırılmasından dərin narahatlıq hissi keçirir və hökumətin internet azadlığını məhdudlaşdırması addımını şiddətlə pisləyir.

Belə ki, 26 yanvar 2013-cü ildə Bakının mərkəzində  müxalifət fəallarının qatıldığı etiraz aksiyasına Facebook sosial şəbəkəsindən istifadə edərək çağırışlar etdiyinə görə blogger  Emin Milli AR İnzibati Xətalar Məcəlləsinin  298.1[1] təqsirli bilinərək 15 günlük inzibati həbs cəzası alıb və eyni maddə ilə təqsirli bilinən gənc fəal Turqut Qəmbər isə 2500 manat[2] cərimə olunub.

Məhkəmə qərarlarında göstərilir ki, təqsirləndirilən fəallar Facebook sosial şəbəkəsində qanunsuz çağırışlar yerləşdirərək vətəndaşları qanunsuz mitinq və yürüşlərdə iştirak etməyə dəvət ediblər. Fəallar isə məhkəmə proseslərində və öz ifadələrində Facebookda dinc etiraz aksiyasına dəvətnamə yaymaqla heç bir qanuna zidd əməl törətmədiklərini və əksinə bu hüququn onlara AR Konstitusiyası  tərəfindən verildiyini bildiriblər.

“Ötən il 7-ci İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsindən sonra hakimiyyət internetə və sosial şəbəkələrə nəzarəti artırıb” deyə OİT üzvü olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov bildirib. İsmayıllıda olan etiraz aksiyaları zamanı orda fəaliyyət göstərən internet klublarının sahiblərinə aksiya müddətində klubların qapalı saxlanılması ilə bağlı edilən təzyiq, həmin regionda internet sürətinin süni yollarla aşağı salınması, Bakıda 12 yanvar etiraz aksiyası zamanı populyar xəbər portallarının haker hücumları vasitəsilə  sıradan çıxarılması hökumətin internetə qarşı tətbiq etdiyi repressiya siyasətinin bir hissəsidir.

“İnternet azadlıqların bu cür xoşagəlməz məhdudlaşdırılması halları prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi və Azərbaycanda tamamilə azad internet mövcudluğunu bəyan edən mövqeyi ilə ziddiyyət yaradır. Ən başlıcası isə, bu cür əməllər hər kəsə istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq yaymaq azadlığı verən “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”yə ziddir”,- deyə Hüseynov bildirib.

 

Onlayn İfadə Təşəbbüsü koalisiyası hesab edir ki, bu cür əməllər dolayısı ilə internet istifadəçiləri arasında daxili senzuranın tətbiqinə gətirib çıxara bilər.

Onlayn İfadə Təşəbbüsü koalisiyası Azərbaycan hökumətini ifadə azadlığı ilə bağlı beynəlxalq standartlara əməl edərək bu azadlığı həm internetdə, həm də ondan kənarda təmin etməyə çağırır. OİT hökuməti həmçinin vətəndaşları qeyri-məhdud internetlə təmin etməyə çağırır.

Onlayn İfadə Təşəbbüsü koalisiyası Azərbaycan hökumətini xüsusi olaraq:

  • Facebook fəaliyyətinə görə 15 gün inzibati həbs cəzasına məhkum olunmuş Emin Millini dərhal azad etməyə;
  • Eyni səbəbdən Turqut Qəmbərə kəsilmiş 2500 manat cəriməni dərhal ləğv etməyə;
  • Facebook vasitəsi ilə paylaşdığı statusa görə həbs edilən Fərəməz Novruzoğlunu və Youtube–a  yüklədikləri video çarxa görə həbs edilmiş  jurnalist Vüqar Qonaqov və Zaur Quliyevi azadlığa  buraxmağa; və
  • İsmayıllıda baş vermiş iğtişaşlar zamanı internet klub sahiblərinin təhdid olunması faktını obyektiv şəkildə araşdırmağa  çağırır.

*  “Onlayn İfadə Təşəbbüsü” (“Expression Online İnitiative”) kampaniyasının üzvləri Azərbaycan Media Mərkəzi (AMM), Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və İnsan Hüquqları Klubudur. Kampaniyanın məqsədi Azərbaycanda İnternetlə bağlı geniş miqyaslı araşdırma aparmaq,  bu sahədə qabaqcıl təcrübə yaratmaq və Azərbaycanda internetdən istifadənin və internet azadlığının inkişafı məqsədilə  ictimai dialoqa dəstək verməkdir.

 

 


[1] Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydasının pozulması

[2] Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda minimum aylıq əmək haqqı 93.5 manatdır

Previous Post

(English) e-Government : Bringing about İnnovation and Change Conference

Next Post

Jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə maneçilik törədilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.