HƏBSDƏ OLAN HÜQUQ MÜDAFİƏÇİSİ JURNALİST OQTAY GÜLALIYEVİN İŞİ ÜZRƏ İSTİNTAQ YEKUNLAŞIB

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev  haqqında cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə bu gün (8 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) O. Gülalıyevin vəkili Yalçın İmanov məlumat verib.
 Vəkil bildirib ki, cinayət işinin materialları ilə tanış olma mərhələsi başlayıb:
“Oqtay Gülalıyevin hüquqlarını üç vəkil – mən, Əlayif Həsənov və Fariz Namazlı müdafiə edir. İstintaqın yekunu barədə qərar Fariz Namazlının iştirakı ilə elan edilib. Qeyd edim ki, istintaq bu vaxta qədər müdafiə tərəfin verdiyi çoxsaylı vəsatətlərdən heç birini təmin etməyib. Bu da işin qeyri-obyektiv, qərəzli  aparıldığının sübutudur. Oqtay Gülalıyevin həbsi  sifarişlidir. Hesab edirəm ki, burada məqsəd onu cəzalandırmaqdır”- deyə vəkil bildirib.
O. Gülalıyevin hüquqlarını müdafiə edən digər vəkil Fariz Namazlı RATİ-yə açıqlamasında bildirib ki, istintaq iyunun 4-də yekunlaşıb:
“Bundan sonra vəkillərin cinayət işinin materialları ilə tanışlıq mərhələsidir. Qarşıdakı məhkəmə prosesində zəruri sübutların təqdim edilməsi, şahidlərin dindirilməsi ilə bağlı vəsatətlərimiz olacaq”.
Xatırladaq ki, O. Gülalıyev 2010-cu ilin yazında baş verən Kür daşqınlarının nəticələrinin aradan qaldırılması məsələləri ilə fəal məşğul olan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorudur. O, aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində yerli sakinlərlə görüş zamanı saxlanılıb. Aprelin 9-da Sabirabad rayon məhkəməsi Minbaşı kənd bələdiyyəsinin rəhbəri Rufulla Qocayevin müraciəti əsasında onu CM-in 296-cı maddəsi ilə (xırda xuliqanlıq) inzibati həbsə məhkum edib.

Previous Post

“PARLAYAN GÜNƏŞ” NƏŞRİYYAT EVİNİN ƏMƏKDAŞLARI SƏRBƏST BURAXILIBLAR

Next Post

ATƏŞ ALTINDA YAŞAYANLAR OBYEKTİV TV-DƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.