Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov qətlə yetirilən tanınmış yazıçı-publisisti Rafiq Tağının qardaşı İlqar Tağıyevi qəbul edib.
İ.Tağıyev qardaşının ailə üzvlərinin onun ölümü ilə bağlı cinayət işini araşdıran Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini məhkəməyə vermələri barədə olan xəbərlərə də aydınlıq gətirib: “Vəkil Elçin Sadıqov mərhumun ailəsi adından şikayət ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Lakin Rüstəm Usubov mənimlə görüşündə bildirdi ki, məsələni araşdırırlar. Söz verdi ki, bizim məhkəmə iddiamızda göstərilən məsələlər həllini tapacaq. Mən də buna inanıram. Bizim iddia ərizəmiz hələ məhkəmədədir. Yəqin ki, geri götürəcəyik”.
Qeyd edək ki, noyabrın 19-da 61 yaşlı R. Tağı axşam saatlarında işdən
evə dönərkən naməlum şəxsin hücumuna məruz qalıb. O yeddi bıçaq yarası ilə xəstəxanaya müraciət edib, üç gün sonra xəstəxanada qəflətən səhhətinin pisləşməsi nəticəsində dünyasını dəyişdi. Faktla bağlı cinayət işi açılıb, lakin hələlik cinayətlə bağlı saxlanılan yoxdur.
Xatırladaq ki, 2006-cı ilin noyabr ayında işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə R. Tağı həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər. Yazıya görə İranda Ayətullah-uzma Fazil Lənkərani onun ölümünə fitva da vermişdi. Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, müddətinə azadlıqdan məhrum edilmişdi. Amma onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdılar. Noyabrın 27-də isə İranlı Ayətullah-uzma Fazil Lənkəraninin oğlu, ayətullah şeyx Məhəmməd Lənkərani bu qətli alqışlayan bəyanat yayıb.