MÜSTƏNTİQ ƏLİ QULİYEV AQİL XƏLİLİN İDDİASI İLƏ KEÇİRİLƏN PROSESDƏ İFADƏ VERİB

Bu gün (30 iyul) Yasamal rayon Məhkəməsinin hakimi Xaqani Tağıyevin sədrliyi ilə "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin Baş Prokurorluğa, müstəntiq Əli Quliyevə və telekanallara (AzTV, "Lider", "Space" və ATV) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçının vəkili Elçin Sadıqov, müstəntiq Əli Quliyev və "Lider" telekanalının nümayəndəsi iştirak edirdi.
Hakim müstəntiq Ə. Quliyevin prosesdə ilk dəfə iştirak etdiyini qeyd edərək ondan çıxış  etməsini istədi. Ə. Quliyev çıxışı zamanı prosesin mahiyyətinə uyğun olmayan məsələlərə toxundu. Belə ki, o, A. Xəlilin həqiqətən də Sergey Strekalin tərəfindən bıçaqlandığını sübut etməyə çalışdı: "Mən Aqil və Strekalin məsələsi ilə əlaqədar Kürdəmirdə olmuşam və bu məsələ ilə əlaqədar Aqil Xəlillə danışmışam. Lakin mən onu nə şantaj etmişəm, nə də ki ona işgəncə vermişəm. Telekanallarda video süjetlərin yayımlanması ilə bağlı isə bildirim ki, yayımlanan video süjetlərdə bütün ifadələr həqiqətdir. Biz öz hüquqlarımızdan istifadə edib ictimaiyyəti məlumatlandırmaq üçün bu video süjetləri telekanallara göndərmişik".
Bu zaman vəkil Elçin Sadıqovun "Əgər məqsədiniz ictimaiyyəti məlumatlandırmaq idisə onda "Zeytun bağı" məsələsində niyə şahid ifadələrini ictimaiyyətə təqdim etmədiniz?" sualını ünvanladı.
Ə. Quliyev cavabında bildirdi ki, biz buna heç bir ehtiyac görməmişik. Daha sonra Ə. Quliyev A. Xəlilin "Azadlıq" qəzetinin müxbiri olması haqqında sənədlərin məhkəməyə təqdim edilməsi haqqında vəsatət qaldırdı.
Hakim vəsatəti təmin etdi. Vəkil E. Sadıqov isə buna görə heç bir problemin olmadığını dedi. "Məhkəmə qərarı təqdim edə bilərəm hansı ki, o qərarla "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin və qəzetin müxbiri Aqil Xəlilin təkzib verməsi tələb edilir. Bu isə Aqil Xəlilin həmin qəzetin müxbiri olmasına sübutdur".
Daha sonra vəkil E. Sadıqov çıxış etdi. Çıxışı zamanı o, bildirdi ki, video süjetlərin alınması ilə bağlı kanallara sorğu göndərilib: "Telekanallarda yayımlanan video süjetlərin alınması ilə bağlı hər dörd telekanala sorğu göndərsək də yalnız "Lider" sorğu cavablandırıb və bu telekanal da video süjetləri təqdim etməkdən imtina edib. Digər üç telekanaldan isə heç bir cavab gəlməyib. "AzTV" və "Space" telekanallarında yayımlanan video süjetləri özümüz əldə etmişik. Vəsatət qaldırıram ki, məhkəmə digər "Lider" və "ATV" kanallarında yayımlanan video süjetləri almaq üçün kanallara sorğu göndərsin".
 Hakim vəsatəti təmin etdi və bildirdi ki, kanallara sorğu göndəriləcək. "Video süjetlər alındıqdan sonra isə növbəti məhkəmə prosesində süjetlərə baxış keçiriləcək", – deyə hakim vurğuladı.
Bundan sonra  proses avqustun 7-i saat 17.30-a qədər təxirə salındı.

Previous Post

ELAN

Next Post

NOVRUZALI MEMMEDOVUN HUQUQLARININ MUDAFIESI KOMITESININ METBUAT KONFRANSI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.